Modern.az

Salyan və Masallı da sel sularına qərq olub

Salyan və Masallı da sel sularına qərq olub

28 Sentyabr 2009, 14:18

Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi, güclü yağış və leysan yağması respublikanın bəzi bölgələrində sel və daşqınlara, subasmalara səbəb olub. Sentyabr ayının 27-də bir neçə saat yağan leysan Salyan şəhərində selə səbəb olub. Mərkəzi küçələri də daxil olmaqla rayonun bir neçə kəndində yollar, tikililər su altında qalıb. Seldən ən çox ziyan Salyan şəhərinin mərkəzinə dəyib. Yerli sakinlər bunu şəhərin drenaj sisteminin işləməməsi ilə əlaqələndirir. Sakinlərin sözlərinə görə, kollektorun üzəri örtülüb və orada ticarət obyektləri tikilib. Bu səbəbdən küçələrə yığılan suyun axıdılması mümkün deyil. Sel Salyanın enerji sistemində də problemlər yaradıb. Sel suları Masallıya da ciddi ziyan vurub. "Modern"az-ın cənub bölgəsindəki əməkdaşı Xaqani Səfəroğlunun verdiyi məlumatlara görə, təbii fəlakət nəticəsində rayonun bir sıra kəndlərində evlər suyun içərisində qalıb. Çayların daşması nəticəsində Bədəlan, Mollaoba, Babasel, Bərbəlan, Bambaşı, Qızılavar, Türkoba kəndlərində onlarla ev qəza vəziyyətinə düşüb, əkin sahələri su altında qalıb, sel şəxsi təsərrüfatlara ciddi ziyan vurub, ev heyvanları və ev quşlarını su aparıb. Hazırda rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...