Modern.az

Odla «oynayanlar»...

Odla «oynayanlar»...

10 Oktyabr 2009, 17:53

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaranmasının 91 yaşı tamam olur 

Yanğın heç kimin 100 faiz sığortalanmadığı hadisələr kateqoriyasına aiddir. Gözləmədiyimiz anda, hansı səbəbdənsə törənən alovun qarşısını özümüzün ala bilməyəcəyimizi görüb, dərhal yanğınsöndürənləri köməyə çağırırıq...

Oktyabrın 10-u Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır. Həmin gün ölkəmizdə yanğınsöndürmə xidmətinin yaranmasının 91 yaşı tamam olur. Amma əslində bu xidmətin bir əsrdən artıq yaşı var. 

Yanğınsöndürmə xidmətinin tarixi

 

XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı və genişlənməsi yanğınsöndürmə xidmətinin yaradılması zərurətini ortaya çıxarıb. O zamanlar neft quyularının qazılması və istismarı zamanı güclü yanğınlar baş verirdi. Bu sahəyə külli miqdarda kapital yatıran xarici və yerli iş adamları belə təhlükəli vəziyyətlərdən xilas yolunu yanğınsöndürmə xidmətinin yaradılmasında görürdülər. Buna görə də 1886-cı ildə Bakı Şəhər Dumasının qəbul etdiyi qərara əsasən, həmin il aprelin 29-da ilk yanğından mühafizə dəstəsinin əsası qoyulub. Xidmətin yaradılmasının təşəbbüskarı isə Azərbaycanın neft milyonçusu Hacı Zeynalabdin Tağıyev olub. O, sahibi olduğu malikanələrdən birini yanğınsöndürən dəstənin ixtiyarına verib. 8 nəfərdən ibarət olan iki dəstə yanğına qarşı at arabası və su çəlləkləri ilə mübarizə aparırmış. Yanğınsöndürənlərin peşə bayramının aprelin 29-da deyil, məhz oktyabrın 10-da qeyd olunmasının isə özgə səbəbi var. Belə ki, 1918-ci il oktyabrın 10-da Azərbaycan Xalq Cümhuriyyətində Bakı Yanğın İdarəsi təsis edilib. 

Xidmətə qeyri-azərbaycanlılar cəlb olunub

Araşdırmalar göstərir ki, Azərbaycanda yanğınsöndürmə xidməti yaranandan sonra ilk vaxtlar onun işinə azərbaycanlıları cəlb etmək mümkün olmayıb. Ötən əsrin 50-60-cı illərinədək Bakıda bu sistemdə çalışanların əksəriyyəti ermənilər və ruslar idi. Lakin sonralar yanğınsöndürmə xidmətində azərbaycanlıların sayının artırılması və bu sistem üçün milli kadrların yetişdirilməsi məsələsi Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyev üçün xüsusi önəm daşıyıb və bu istiqamətdə əməli tədbirlər görülüb.

Milli kadr hazırlığı və qanunvericilik 

1996-cı ildə isə Azərbaycanda Bakı Yanğın Texniki Məktəbi açılıb. Bu məktəb indi də respublikada yanğınsöndürmə sistemi üçün mütəxəssis hazırlayan yeganə təhsil ocağıdır. Hər il tələbatdan asılı olaraq, məktəbə tələbə qəbulu aparılır, fiziki cəhətdən sağlam gənclər üç il ərzində milli zabit kadrları kimi yetişirlər. 1997-ci il iyulun 25-də bu sahədə ilk milli qanunvericilik bazasının əsası qoyulub, «Yanğın təhlükəsizliyi haqqında» Qanun qəbul edilib.  Ölkə başçısının 2002-ci il oktyabrın 5-də imzaladığı sərəncamla 10 oktyabr Azərbaycanda yanğınsöndürənlərinin peşə bayramı günü kimi təsis edilib.

Yanğınsöndürmə xidməti 2005-ci ilədək Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində fəaliyyət göstərib. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə DİN-in tərkibində fəaliyyət göstərən Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabelyinə verilib.

Yanğın xidməti müasirləşdirilir 

Bu gün Bakının 11 və respublikanın bütün rayonlarında Fövqəladə Hallar Nazirliyi Baş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə hissələri var. Bundan başqa Bakıda bir neçə xüsusi təyinatlı yanğın hissəsi də fəaliyyət göstərir. Onlar fövqəladə hallarda işə cəlb olunurlar. Dövlət Neft Şirkətinin Yanğın Təhlükəsizliyi İdarəsi və Bakı şəhərində neft emalı müəssisələrinin mühafizəsi üzrə yanğın təhlükəsizliyi dəstəsi də mövcuddur. Təkcə od-alovla deyil, həm də düşmənlə mübarizə aparan yanğınsöndürənləndən 24 nəfəri Qarabağ müharibəsində şəhid olub, onlardan 2-si Azərbaycan Milli Qəhrəmandır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın təhlükəsizliyinin daha səmərəli təmin olunması üçün bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Respublikanın yanğından mühafizə qurumlarının bir qrup əməkdaşı xüsusi ali təhsil almaq üçün bir sıra xarici ölkələrə göndərilir. Bundan başqa, yanğından mühafizə üçün xaricdən ən müasir texnika alınıb, yeni xidməti binalar tikilib.

 

Yanğınlar

Baş Dövlət Yanğından Mühafizə Xidmətində mərkəzləşmiş rabitə qovşağı var. Qovşaq avtomatik şəkildə yanğınla bağlı məlumat daxil olan küçənin hansı rayonun ərazisinə düşməsini və həmin rayonun yanğınsöndürmə xidmətinin çağırışa getməsini tənzimləyir. 1 və 2 nömrəli çağırış zamanı hadisə yerinə rayon yanğınsöndürənləri gedir. 3 nömrəli çağırışda isə artıq idarənin peşəkar yanğınsöndürənləri də yanğınla mübarizəyə təhkim olunurlar.

Rəsmi satistika göstərir ki, respublikamızda yanğınlar daha çox payız-qış mövsümündə baş verir. Həmin vaxtlar elektrik və qaz avadanlıqlarının istismarı qaydalarının pozulması və ya onlarla ehtiyatsız davranma hallarına daha çox yol verilməsi yanğınların sayının artmasına səbəb olur.

Rəsmi məlumata görə, hər il ölkədə 2500-dən çox yanğın hadisəsi qeydə alınır. Hər il baş vermiş yanğınlar nəticəsində dəyən zərərin ümumi məbləği 2 milyon 500 min manata yaxın olur. Bədbəxt hadisələr ildə təxminən 40 nəfərin həyatına son qoyur, 400-dən çox tikilinin məhvinə səbəb olur. Yanğınların baş vermə səbəbinə gəldikdə isə rəsmi statistikaya görə, bu sırada birinci yeri ehtiyatsız davranış tutur. Hər il 1300-ə yaxın yanğın hadisəsi insanların ehtiyatsız davranması, 800-ə yaxın yanğın olayı elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması üzündən törənir. Bundan başqa sobaların və istehsal avadanlıqlarının nasazlığı il ərzində 300-ə yaxın, siqaret çəkilməsi zamanı ehtiyatsızlıq isə 600-ə yaxın yanğının baş verməsilə nəticələnir. Uşaqların odla dəcəllik etməsi də bədbəxt olayların siyahısında aşağı yerdə deyil. Çünki hər il 420-dək yanğın hadisəsinin səbəbkarı dəcəl uşaqlar olur. Qəsdən törədilən yanğınların sayı ildə orta hesabla 80-ə yaxındır. Yanğınların baş verdiyi obyektlərin ən çoxu yaşayış sahələridir. Sonrakı yerlərdə anbarlar, bazalar, ticarət binaları, uşaq müəssisələri, mədəni-əyləncə, müalicə profilaktika və ictimai-inzibati binalar, istehsal təyinatlı obyektlər gəlir.

 

Əfqan QAFARLI

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu