Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS kanalına müsahibə verib, gündəmlə bağlı sualları cavablandırıb.
Modern.az-ın məlumatına görə, Türkiyənin Avropa Birliyinə (AB) qəbul edilib-edilməyəcəyi barədə suala cavabında Ərdoğan ölkəsinin bu qurumun qərarlarına əhəmiyyət verdiyini bildirib:
"AB müsbət qərar verərsə, bunu alqışlayarıq. Türkiyəni son 50 ildir ki, AB-nin qapısında gözlərlər. Biz həmişə özümüzü təmin edən ölkə olmuşuq. Bizim heç vaxt AB-nin töhfəsinə və ya dəstəyinə ehtiyacımız olmayıb, yoxdur".
İsveçin terrorla bağlı verdiyi vədlərə əməl etməli olduğunu vurğulayan Ərdoğan, "Stokholm küçələrində hələ də terrorçuların gəzdiyini görürük" deyib.
Prezident Ərdoğan İsveçin NATO-ya üzvlük məsələsinin Türkiyə Böyük Millət Məclisində (TBMM) qiymətləndiriləcəyini, son qərarın məhs Ankarada veriləcəyini söyləyib.
"NATO-ya qəbul olunmaq istəyən İsveç təbii ki, verdiyi vədlərə əməl etməlidir. Terror təşkilatları Stokholm küçələrində fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Çünki bunun reallaşdığını görmək türk xalqı üçün çox əhəmiyyətli olacaq”.
Ərdoğan deyib kli, ABŞ-ın Türkiyəyə F-16 satmasının İsveçin NATO-ya üzvlüyü ilə əlaqəsi yoxdur: "Prezident Co Bayden Konqresin bu məsələ ilə bağlı qərar verəcəyini bildirib”.
ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez kimi simaların Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələlərdən su-istifadə edərək F-16-ların Türkiyəyə satılmasına qarşı çıxmasına Ərdoğan belə reaksiya verib:
“Bob Menendez Türkiyəni tanımır. Həm də deyəsən Tayyib Ərdoğanı da tanımır. Menendezin Türkiyəyə qarşı düşməncəsinə bir yanaşması var və bizi seçdiyi müəyyən bir müzakirə sahəsinə çəkməyə çalışır. Ancaq biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.
Bəzi ABŞ senatorlarının Türkiyənin Ukrayna müharibəsi kontekstində Rusiyaya qarşı “AB və digər NATO üzvləri” ilə eyni səviyyədə sanksiya tətbiq etməmə qərarı ilə bağlı tənqidlərinə gəlincə, Ərdoğan deyib:
“AB üzvləri nə edirlərsə, biz də onu etməliyikmi? Türkiyənin dünyadakı mövqeyi AB-yə üzv ölkələrin mövqeyindən fərqlidir. Rusiya bizim ən yaxın qonşularımızdan biridir və ortaq bir tariximiz var".
Türkiyənin də təşəbbüskar olduğu “taxıl müqaviləsi” sayəsində 33 milyon ton taxılın ixrac edildiyini xatırladan prezident Ərdoğan "biz bunu sırf AB istədiyi üçün etmədik. Bu, üzərimizə götürdüyümüz humanitar bir öhdəlik idi" deyib.
Türkiyə Prezidentinin sözlərinə görə, Rusiyanın dövlət başçısı Vladimir Putin “taxıl müqaviləsi” üzrə daha 1 milyon ton buğda göndərəcəklərinə söz verib.
“Mən Qərbə inandığım qədər Rusiyaya da güvənirəm”.
Ərdoğan Putinin tezliklə taxıl ixracına başlayacağını və hadisələri izlədiklərini söyləyib.
“Siz Putinin bu vədi yerinə yetirəcəyinə inanırsınızmı” sualına cavab olaraq prezident Ərdoğan deyib:
"Mənim Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya ən azı Qərb qədər etibarlıdır. Bizi 50 il qapısında gözlətdirən AB-dir. Hazırda mən Qərbə nə qədər güvənirəmsə, Rusiyaya da o qədər güvənirəm”.
Ərdoğan Putinlə Ukrayna müharibəsi ilə bağlı danışıqları haqda suala da bunları deyib:
"Çox açıq və aydın desəm, bu müharibənin uzun müddət davam edəcəyi və müharibənin tez bitməyəcəyi aydındır. Biz çox ümidli olmaq istəyirik. Cənab Putin əslində bu müharibənin tez bir zamanda bitməsinin tərəfdarıdır. Mən bunu sadəcə onun sözlərinə görə deyirəm. Putin istəyir ki, müharibə mümkün qədər tez bitsin. Onun dediyi belədir və mən onun sözlərinə inanıram".
Digər tərəfdən, Ərdoğan 2014-cü ildə Putinlə Krımla bağlı danışıqlar apardığını qeyd edərək, "Mən bu danışıqlarda uğur qazana bilmədim və Rusiyanın Krımdan çəkilmələrini təmin edə bilmədim. Düşünürəm ki, bu, indi də mümkün olmayacaq” deyib.