İki dost və qardaş xalqla birlikdə bizim əsas məqsədimiz regionda sülh və sabitliyi təmin etməkdir.
Modern.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər İlya Darçiaşvili Birinci Kanalın efirində Ermənistan və Azərbaycan münasibətləri barədə sualı cavablandırarkən deyib.
O qeyd edib ki, Gürcüstan bu prosesdə qərəzsiz oyunçu rolunu kifayət qədər uğurla həyata keçirir: "Ümumiyyətlə, Gürcüstan illərdir bu prosesdə həmişə bu təbii rolu öz üzərinə götürməyə çalışıb, baxmayaraq ki, bu, çox çətin, mürəkkəb münaqişə idi və bu, baş nazirin xüsusi səyləri, dövlət başçıları ilə şəxsi münasibətləri ilə baş verdi. İki ölkə arasında konkret nəticə, hər iki ölkə üçün qarşılıqlı faydalı razılaşma əldə etdik.
Nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan açıq şəkildə sülhün zəruriliyindən danışmağa, sülh sazişi imzalamağa başlayıblar. “Biz bunu prezident İlham Əliyevin, baş nazir Paşinyanın Gürcüstana səfəri zamanı, həmçinin Azərbaycanın baş nazirinin Gürcüstana səfəri zamanı dəfələrlə eşitmişik", - XİN başçısı qeyd edib.
Darçiaşvili Fransandan Ermənistan Gürcüstan vasitəsilə silahların göndərilməsi barədə xəbərlərə də münasibət bildirib. O deyib ki, Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir. Nazir hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququnun olduğunu vurğulayıb və əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var.
Mətbuatda Fransa istehsalı "Bastion" zirehli texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib. Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.
“APM Terminals Poti” şirkəti Ermənistan üçün nəzərdə tutulmuş Fransanın “Bastion” hücum zirehli maşınlarının tranzitini təsdiqləyib. Şirkət bu haqda “Azadlıq” radiosunun Gürcüstan xidmətinə açıqlamasında bildirib. “Bu konkret halda yük Avropa İttifaqı ölkəsindən - Fransadan gəlib və sanksiyalara məruz qalmayan Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulan məhdudiyyətlər olmadığından, “APM Terminals Poti” sanksiyaya məruz qalmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanından məhrumdur", - Poti limanını idarə edən şirkət açıqlamasında bildirib.