Son vaxtlar Türkiyədəki İYİ Partiyadan kütləvi istefa dalğası səngimək bilmir. Deputatlar, partiya funksionerləri bir-birinin ardınca istefa verməkdədirlər.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha bir deputat - Adnan Beker də X-də istefası barədə paylaşım edib.
O, qərarını artıq İYİ Partiya çərçivəsində deputatı olduğu Ankara sakinlərinə və türk millətinə fayda verməyin mümkünsüzlüyü ilə izah edib. Bununla İYİ Partiyanın parlamentdəki deputatlarının sayı 42-yə düşüb. Beker məğlubiyyətdən sonra Millət İttifaqını tənqid etməsi ilə gündəmə gəlmişdi.
Partiyanın başqa bir üzvü, sədr müavini (səhiyyə siyasəti üzrə) Aylin Anıl Arslan da istefa verib. Meral Akşenerin müavini istefasını qarşıdakı bələdiyyə seçkiləri ilə bağlı partiya qərarı ilə əlaqələndirib. Belə ki, siyasətçi partiyanın ölkənin bütün regionlarında namizəd irəli sürülməsi qərarının iqtidarın işinə yarayacağına və müxalifətin birliyi ilə qazanılmış İstanbul, Ankara kimi böyük şəhər bələdiyyələrinin itirilməsi ilə nəticələnəcəyinə görə bunu yanlış hesab edərək istefa verib.