Vaşinqton Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam etdiyini təsdiqləyir.
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən rəsmi Bakının Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində Ermənistan-Azərbaycan görüşündən imtina etməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
“Biz tərəfləri, istər burada, istərsə də başqa yerdə olsun, bu danışıqlarda iştirak etməyə təşviq edirik və bu, bizim siyasətimiz olaraq qalacaq”, - Miller deyib.
Dünən rəsmi Bakı bəyan edib ki, “Vaşinqton ABŞ-ın birtərəfli yanaşması nəticəsində vasitəçi rolunu itirə bilər”.
Azərbaycan Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa məsələləri üzrə alt komitəsində keçirilən dinləmə zamanı ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen əsassız bəyanatlar verib.
“Qeyd etmək vacibdir ki, bu şərtlər daxilində biz 20 noyabr 2023-cü il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşü mümkün hesab etmirik”, - rəsmi Bakının bəyanatda deyilir.