Türkiyədəki ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel növbəti dəfə Azərbaycan haqda danışıb.
Modern.az "Cümhuriyet"ə istinadən xəbər verir ki, o, jurnalistin xarici siyasətlə bağlı sualını cavablandırarkən bu mövzuya toxunub.
"Xarici siyasətlə bağlı təşəbbüs göstərmisiniz. Siz Şimali Kipr Türk Respublikasına getdiniz. Növbəti hansı ölkədir?", - deyə jurnalist soruşub.
"Mən ilk səfəri Azərbaycana etmək istəyirdim, amma Bosniya və Herseqovinanın Dövlət Günü var və onu qaçırmaq istəmirəm. Biz planlaşdırırıq. Azərbaycana gedəcəyik. Keçmiş partiya sədrlərimizdən olan Hikmet Çetinlə gedəcəyik. Çünki onun Azərbaycanla münasibətləri var. Onun dövründə (Hikmet Çetin 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1995-ci ildə isə baş nazirin müavini, həmçinin CHP-nin sədri olub - red.) Ermənistanla sərhəd reaksiya olaraq bağlanıb (1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra Türkiyə-Ermənistan sərhədinin bağlanması nəzərdə tutulur - red.). Hörmətli Hikmet Çetin bir neçə günə Azərbaycana gedəcək. Təqvimə uyğun bir vaxtda birlikdə gedəcəyik", - Özel suala cavabında bildirib.
"Xarici siyasətimizin bir ölçüsü Kipr, türk respublikaları və Balkanlardır", - o əlavə edib.
Xatırladaq ki, bundan əvvəl jurnalist Yavuz Donatla telefon danışığı zamanı Özle Azərbaycanla bağlı demişdi: "Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Səhv eləmişik. Tamamilə bizim xətamızdır. Yoluna qoyacağıq. Can Azərbaycanın könlünü alacağıq. İlk səfərimi Kiprə və Azərbaycana edəcəyəm".
Qeyd edək ki, Özgür Özel CHP-nin 4-5 noyabr tarixlərində keçirilmiş qurultayında sədr seçilib.