Latviyanın Latvia Rezekne şəhərində yerləşən neft bazasının ərazisinə pilotsuz uçuş aparatı düşüb.
Modern.az xəbər verir ki, bu barədə Latviyanın Dövlət Polisi məlumat yayıb.
Məlumata görə, dronlardan birinin neft bazasının ərazisinə düşməsi təsdiqlənib, ikinci pilotsuz uçuş aparatının axtarışları davam etdirilir. Üçüncü dronun isə ehtimal ki, Latviyanın hava məkanını tərk etdiyi bildirilir.
Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, ilkin ehtimala əsasən, söhbət Ukrayna tərəfinin Rusiyadakı hədəflərə yönəltdiyi pilotsuz uçuş aparatlarından gedir. Nazir vurğulayıb ki, bu versiya hələlik təsdiqini tapmayıb və araşdırmalar davam edir.
Regional şuranın sədri Guntars Skudra isə LETA agentliyinə açıqlamasında təsdiqləyib ki, pilotsuz uçuş aparatlarından biri “East-West Transit” şirkətinin Rezekne filialının ərazisinə düşüb.
Məlumata əsasən, dron boş neft rezervuarına çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar və ya ciddi dağıntılar barədə məlumat verilməyib.