Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində atılan etimad quruculuğu addımları ilə bağlı sosial media hesabında açıqlama yayıb.
Modern.az xəbər verir ki, Keçeli iki ölkə arasında 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində birbaşa ticarətin həyata keçirilməsi məqsədilə aparılan bürokratik işlərin 11 may tarixinə yekunlaşdığını bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, Türkiyədən üçüncü ölkə üzərindən Ermənistana göndərilən və ya eyni marşrutla Ermənistandan Türkiyəyə daşınan malların sənədlərində son təyinat və ya çıxış məntəqəsinin “Ermənistan-Türkiyə” kimi göstərilməsi artıq mümkün olacaq.
Keçeli həmçinin Türkiyə-Ermənistan quru sərhədinin açılması istiqamətində texniki və bürokratik hazırlıqların davam etdiyini vurğulayıb.
Türkiyənin regionda sülh və əməkdaşlıq siyasətinə diqqət çəkən XİN rəsmisi bildirib:
“Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi istiqamətində yaranmış tarixi imkan fonunda Türkiyə bölgədə iqtisadi münasibətlərin inkişafına və əməkdaşlığın bütün region ölkələri və xalqlarının mənafeyi naminə daha da irəli aparılmasına töhfə verməyə davam edəcək”.