ABŞ kəşfiyyatı İranın nüvə sazişi üçün tələb olunan güzəştlərə hazır olmaya biləcəyi barədə Donald Trampı xəbərdar edib.
Modern.az "Axios" nəşrinə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Prezident Donald Trampa bildirib ki, Amerika kəşfiyyatının məlumatlarına görə, İran yekun nüvə sazişinin imzalanması üçün zəruri hesab olunan güzəştlərə getməyə hazır olmaya bilər.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də mümkün sazişlə bağlı şübhələrini ifadə ediblər.
Bununla yanaşı, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və müşavir Cared Kuşner isə İranla razılaşmanın əldə olunmasını dəstəkləyən şəxslər arasında yer alıblar.
Qeyd edək ki, Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqlar son aylarda yenidən intensivləşib və tərəflər mümkün razılaşma variantlarını müzakirə edirlər.