Modern.az

Almaniya 260 minlik ordu qurur - Məcburi xidmət qayıda bilər

Almaniya 260 minlik ordu qurur - Məcburi xidmət qayıda bilər

Dünya

27 İyun 2026, 22:39

Almaniyada Rusiyadan qaynaqlanan hərbi risklərin artdığı şəraitdə 2027-ci ilədək bütün kişilər üçün məcburi hərbi xidmətin yenidən tətbiqi gündəmdədir.

Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata əsasən, Bundestaqın Müdafiə Komitəsinin sədri, Xristian Demokrat İttifaqının (CDU) üzvü Tomas Rövekamf bildirib ki, könüllülük prinsipi əsasında həyata keçirilən çağırış ordunun ehtiyaclarını ödəməsə, Almaniya məcburi hərbi xidmət sisteminə qayıtmalı olacaq.

Onun sözlərinə görə, könüllü xidmət vasitəsilə qarşıya qoyulan hədəflərə nail olunmasa, məcburi çağırışın bərpası qaçılmaz olacaq. Rövekamf qeyd edib ki, bununla bağlı yekun qərar gələn ilin 31 iyul tarixinədək – hərbi xidmət haqqında qüvvədə olan qanunun müddəti başa çatmamış qəbul edilməlidir. O əlavə edib ki, hökumət hazırda könüllülərin sayını artırmaq məqsədilə mövcud çağırış modelinin genişləndirilməsi variantlarını da nəzərdən keçirir.

Qeyd edək ki, Berlin hökuməti hazırda təxminən 185 min nəfərdən ibarət olan Bundesverin şəxsi heyətinin sayını 2035-ci ilə qədər 260 minə çatdırmağı planlaşdırır. Lakin Müdafiə Komitəsinin sədrinin fikrincə, mövcud çağırış tempi bu məqsədə yalnız könüllü əsasda nail olunacağına dair ciddi şübhələr yaradır.

Xatırladaq ki, Almaniya 2011-ci ildə məcburi hərbi xidməti ləğv etmişdi. Bununla belə, Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra dəyişən təhlükəsizlik şəraiti fonunda ölkə müdafiə siyasətini yenidən nəzərdən keçirməyə başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada