Ukrayna Müdafiə Nazirliyi, Avropa Komissiyası, eləcə də Fransa və Finlandiya müdafiə sənayesi ilə ikili təyinatlı texnologiyalar sahəsində istehsal potensialının artırılmasını nəzərdə tutan bir sıra sazişlər imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, imzalanmış sazişlər çərçivəsində Avropa İttifaqının zəmanətləri və qarışıq maliyyələşdirmə qrantları hesabına ümumilikdə 343 milyon avro ayrılması planlaşdırılır.
Məlumata görə, yeni maliyyə alətləri pilotsuz uçuş aparatları, dron əleyhinə müdafiə sistemləri, yerüstü robotlaşdırılmış komplekslər, aviasiya sənayesi, müasir naviqasiya və rabitə texnologiyaları, eləcə də digər strateji istiqamətlər üzrə 700 milyon avrodan artıq investisiyanın cəlb olunmasına imkan yaradacaq.
Qeyd olunub ki, maliyyələşdirmə "Ukraine Facility" proqramının ikinci komponenti çərçivəsində həyata keçiriləcək. Bu komponent dövlət və özəl investisiyaların təşviqi məqsədilə yaradılmış Ukrayna üçün İnvestisiya Çərçivə Proqramını əhatə edir. Proqramın ümumi büdcəsi 9,5 milyard avro təşkil edir ki, bunun 7,8 milyard avrosu zəmanətlərə, 1,7 milyard avrosu isə qarışıq maliyyələşdirmə qrantlarına ayrılıb.