İraqda genişmiqyaslı antikorrupsiya əməliyyatı çərçivəsində parlament deputatları və yüksək vəzifəli məmurlar daxil olmaqla 47 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, yerli media orqanlarının məlumatına görə, istintaq çərçivəsində saxlanılanlar arasında dövlət qulluqçuları da yer alır.
Məlumata əsasən, deputat Hind Əl-Abbasinin evində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları 57 milyon dollar nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış zinət əşyaları aşkar ediblər. Hətta qızıldan hazırlanmış alt paltarı tapıldığı iddia olunur.
Əməliyyat Baş nazir Əli əs-Zeydinin rəhbərlik etdiyi hökumətin təşəbbüsü ilə həyata keçirilir. Təhlükəsizlik qüvvələri Bağdad və digər bölgələrdə korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı reydlər aparır.
Araşdırmaların keçmiş neft nazirinin müavini ilə bağlı epizodları da əhatə etdiyi bildirilir. İraq Ali Məhkəmə Şurasının məlumatına görə, həmin iş üzrə təxminən 10 milyon dollar nağd pul, 3 milyard İraq dinarı, qızıl-zinət əşyaları, külli miqdarda silah-sursat və 40-a yaxın daşınmaz əmlak müsadirə edilib.
Baş nazir Əli əs-Zeydi korrupsiya ilə mübarizənin qətiyyətlə davam etdiriləcəyini, istintaqın isə yeni şəxsləri də əhatə edə biləcəyini bəyan edib.