Modern.az

Malidə terror cəhdləri - Ordu vəziyyəti nəzarətə götürdü

Malidə terror cəhdləri - Ordu vəziyyəti nəzarətə götürdü

Dünya

Bu gün, 21:49

Mali Silahlı Qüvvələri ölkənin müxtəlif şəhərlərində səhər saatlarında terrorçuların həyata keçirdiyi koordinasiyalı hücumlardan sonra vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb.

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi qurumun yaydığı məlumatda bildirilib.

Bəyanata görə, hərbçilər bütün hücumların qarşısını qətiyyətlə alıblar. Sevare şəhərində 20, Qaoda isə 6 terrorçu zərərsizləşdirilib. Qaoda hökumət qüvvələrinin bir hərbçisi həlak olub, daha dörd nəfər isə yaralanıb.

Məlumatda qeyd edilir ki, Mali ordusu quru qoşunları və hərbi aviasiyanın dəstəyi ilə hücumların baş verdiyi ərazilərdə təmizləmə əməliyyatlarını davam etdirir.

Hərbi idarənin açıqlamasına əsasən, şənbə günü səhər tezdən üsyançılar ölkənin beş fərqli nöqtəsində, o cümlədən hökumət qüvvələrinin yerləşdiyi şimal bölgəsindəki şəhərlərdə və paytaxt Bamakonun cənubunda yerləşən yaşayış məntəqəsində silahlı hücumlar həyata keçiriblər. Hücumların Malinin şimalındakı Anefis, Aqelxok və Qaoda, mərkəzi hissəsindəki Sevare, eləcə də cənubdakı Kenioroba şəhərlərində yerləşən ordu mövqelərini hədəf aldığı bildirilib.

Tuareqlərin rəhbərlik etdiyi "Azavadın Azadlıq Cəbhəsi" üsyançı qruplaşmasının nümayəndəsi şənbə günü baş vermiş hücumlarda onların iştirak etdiyini təsdiqləyib.

Qeyd edək ki, tuareqlər Böyük Səhra (Sahara) və Sahel bölgəsində yaşayan köçəri və yarımköçəri etnik qrupdur. Onlar əsasən Niger, Mali, Əlcəzair, Liviya və Burkina-Fasoda məskunlaşıblar və özünəməxsus matriarxal ənənələri ilə seçilirlər.

Tuareq cəmiyyəti İslam dininə mənsub olsa da, onların sosial və mədəni adətləri bir çox müsəlman xalqlarından fərqlənir. Bu cəmiyyətdə üzlərini qadınlar deyil, yetkinlik yaşına çatmış kişilər örtür. "Taqelmust" adlanan ənənəvi sarğını kişilər hətta yemək zamanı və yatarkən belə çıxarmırlar. Bundan başqa, qadınlar cəmiyyətdə yüksək nüfuza malikdirlər, evlər və mal-qara onların mülkiyyəti hesab olunur. Boşanma halında da əmlak qadının ixtiyarında qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV