Modern.az

Ermənistanda müxalifətin seçki nəticələri ilə bağlı iddiaları rədd edildi

Ermənistanda müxalifətin seçki nəticələri ilə bağlı iddiaları rədd edildi

Dünya

Bu gün, 19:55

Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı təqdim etdiyi şikayətləri təmin etməyib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata əsasən, məhkəmənin qərarı ilə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermənin yekunları barədə qəbul etdiyi qərar qüvvədə saxlanılıb. Bildirilir ki, iş üzrə məhkəmə araşdırması altı gün davam edib, iclasların ümumi müddəti isə təxminən 50 saat olub.

Xatırladaq ki, seçkilərin nəticələrinin ləğv edilməsi və ya ikinci turun keçirilməsi tələbi ilə "Güclü Ermənistan" və "Ermənistan" blokları, eləcə də "Yeni güc", "Respublika naminə", "Çiçəklənən Ermənistan", "Birlik qanadları" və "Demokratiya, qanun, nizam-intizam" partiyaları məhkəməyə müraciət etmişdilər. Müxalifət seçki prosesi zamanı sistemli və genişmiqyaslı qanun pozuntularının baş verdiyini iddia edirdi.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində səslərin 100 faizi hesablandıqdan sonra Baş nazir Nikol Paşinyanın "Mülki müqavilə" partiyasının 49,83 faiz səs topladığı elan olunub. Bu nəticə partiyaya parlamentdə təkbaşına hökumət formalaşdırmaq imkanı verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV