Modern.az

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

Dünya

4 İyul 2026, 23:56

İraq Prezidenti Nizar Amedi ölkədə silah gəzdirmək hüququnun yalnız dövlət qurumlarına məxsus olmasının təmin ediləcəyini bəyan edib.

Modern.az xəbər verir ki, dövlət başçısı "Al Arabiya" telekanalına müsahibəsində bütün silahların dövlət nəzarətinə verilməsi ilə bağlı qəbul olunmuş qərarın dəyişdirilməyəcəyini bildirib. Onun sözlərinə görə, silahların tam şəkildə dövlətin nəzarətinə keçməsi hökumətin qarşısında duran əsas prioritetlərdən biridir.

Prezident vurğulayıb ki, İraq silahlı qruplaşmalar problemini qarşıdurma yolu ilə deyil, "müdrikliklə" həll etməyə çalışacaq.

Nizar Amedi ölkədə təhlükəsizlik vəziyyətinin hələ də tam sabit olmadığını qeyd edərək, İraq ərazisinin qonşu dövlətlərə qarşı hər hansı təhdid və ya hücum məqsədilə istifadə edilməsinin yolverilməz olduğunu bildirib.

"Fars körfəzi ölkələrinin təhlükəsizliyi İraqın təhlükəsizliyidir, İraqın təhlükəsizliyi isə bütün regionun təhlükəsizliyidir", – deyə dövlət başçısı vurğulayıb.

Prezident xarici siyasətə toxunaraq qeyd edib ki, İraq ABŞ ilə İran arasında yarana biləcək mümkün qarşıdurmada heç bir tərəfin mövqeyini dəstəkləmək niyyətində deyil.

"İraq nə Vaşinqtona qarşı İranın yanında olacaq, nə də İrana qarşı Vaşinqtonu dəstəkləyəcək", – deyə o bildirib.

Bununla yanaşı, Nizar Amedi Bağdadın Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığı daha da inkişaf etdirmək və ən yüksək səviyyədə münasibətlər qurmaq niyyətində olduğunu da diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV