ABŞ-nin müxtəlif bölgələrində müşahidə olunan rekord istilər nəticəsində azı 25 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə NBC News ştat rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölüm hallarının ən böyük hissəsi Nyu-Cersi ştatında qeydə alınıb. Burada 22 nəfər həddindən artıq istilərin qurbanı olub.
Ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evaisin sözlərinə görə, həyatını itirənlər əsasən 30-80 yaş arasında olan şəxslərdir. Ölüm faktları ştatın mərkəzi və şimal hissələrini əhatə edən 10 dairədə qeydə alınıb.
Məlumata əsasən, İllinoys ştatında daha bir nəfər, Missisipidə isə iki nəfər isti hava şəraiti səbəbindən ölüb. Həlak olanların bir qismi kondisionersiz evlərdə, digərləri isə küçədə və ya park edilmiş avtomobillərdə aşkarlanıb.
Qeyd edək ki, anomal isti hava şəraiti iyulun 4-də Vaşinqtonda keçirilən Müstəqillik Günü tədbirlərinə də təsirsiz ötüşməyib. Milli xiyabanda təşkil olunan bayram tədbirləri zamanı bəzi iştirakçılara tibbi yardım göstərilməsi zərurəti yaranıb.