İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trump ilə söhbətində Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın Tel-Əviv əleyhinə ritorikasının kəskinləşməsindən şikayət edib.
Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşrinə İsrail və ABŞ rəsmiləri bildiriblər.
Rəsmilərin sözlərinə görə, Netanyahu həmçinin bu həftə Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ərdoğanla görüşəcək Trampdan Türkiyənin hərbi hava qüvvələrinin modernləşdirilməsinə kömək edə biləcək silah sistemlərinin satışından çəkinməyi xahiş edib.
NATO sammiti ərəfəsində Netanyahu "Fox News"a verdiyi müsahibədə də Ankaranın müasir qırıcılar və ya mühərriklər almamalı olduğunu bildirib.
Trampın Ankara səfəri Türkiyənin F-35 təyyarələri əldə etmək yolunda yenidən irəliləməsinə səbəb ola bilər.
Netanyahu bu addımın Yaxın Şərqdəki güc balansını pozacağını və İsrailin hava üstünlüyünü təhdid edəcəyini vurğulayıb.
İsrail və Türkiyə arasında gərginlik son iki ildə Qəzza və İran ətrafında baş verən müharibələr fonunda kəskin şəkildə artıb. Bununla belə, Tramp həm Netanyahu, həm də ABŞ-ın regiondakı əsas müttəfiqlərindən biri olan Ərdoğanla yaxın dostluq münasibətlərini qoruyub saxlayır.