Bütün ermənilərin katolikosu II Qareginə Ermənistan parlamentinin 9-cu çağırışının ilk iclasında iştirak etmək üçün hələ rəsmi dəvət göndərilməyib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Eçmiədzin kilsəsinin keşişi Ter Yesaya Artenyan bildirib.
Onun sözlərinə görə, katolikosun parlamentin ilk iclasında iştirakı "Milli Assambleyanın Reqlamenti haqqında" konstitusiya qanununda nəzərdə tutulsa da, indiyədək rəsmi dəvət göndərilməyib.
"Yeni məlumat olarsa, ictimaiyyətə açıqlanacaq", – deyə o bildirib.
Bundan əvvəl Ermənistan KİV-ləri II Qareginin ölkə tarixində ilk dəfə parlamentin yeni çağırışının ilk iclasında iştirak etməyəcəyi barədə məlumat yaymışdı.
Qanunvericiliyə əsasən, parlamentin ilk iclasında Ermənistan Prezidenti və Bütün ermənilərin katolikosu təbrik nitqi ilə çıxış etmək hüququna malikdir. Əvvəlki bütün çağırışlarda, o cümlədən 8-ci çağırış parlamentin ilk iclasında II Qaregin deputatlara xeyir-dua verərək çıxış edib.
Ermənistan parlamentinin 9-cu çağırışı 105 deputatdan ibarətdir. Parlamentdə "Vətəndaş müqaviləsi" Partiyası 64, "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandatla təmsil olunur.
Qeyd edək ki, son dövrlər Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər kəskinləşib. Baş nazir Nikol Paşinyanın kilsə rəhbərliyi ilə bağlı sərt açıqlamaları, katolikosun seçilməsi qaydalarının dəyişdirilməsi təşəbbüsü və bir sıra yüksək rütbəli din xadimlərinin həbs olunması tərəflər arasında qarşıdurmanı daha da dərinləşdirib.