İtaliyanın şimalında Turin–Lion yüksək sürətli dəmir yolu xəttinin tikintisinə etiraz edən nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində 60-dan çox hüquq-mühafizə əməkdaşı xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Məlumata görə, Turin–Lion yüksək sürətli dəmir yolu layihəsinə qarşı fəaliyyət göstərən No Tav ("Yüksək sürətli qatarlara yox") hərəkatının təxminən 20 min tərəfdarı etiraz aksiyasına qatılıb.
Bildirilir ki, aksiyanın başlanmasından az sonra etirazçıların bir hissəsi əsas kütlədən ayrılaraq tunelin inşa edildiyi əraziyə doğru hərəkət edib və tikinti sahəsinə hücum edib.
Qəzetin yazdığına görə, nümayişçilər hasarları aşaraq tikinti meydançasına daxil olub, əraziyə ziyan vurublar. Qarşıdurma zamanı daşlar, fişənglər və "Molotov kokteylləri" atılıb, hüquq-mühafizə orqanlarına məxsus dörd avtomobil yandırılıb. Hadisələr nəticəsində 60-dan çox polis əməkdaşı yaralanıb.
Asayişi bərpa etmək üçün polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etsə də, etirazçıların xüsusi qoruyucu vasitələrdən istifadə etməsi səbəbindən bu tədbirlər gözlənilən nəticəni verməyib.
İğtişaşlar səbəbindən Bussoleno və Borgone yaşayış məntəqələri arasındakı dəmir yolu xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Bundan başqa, avtomagistralın bir hissəsi də nəqliyyatın hərəkəti üçün bağlanıb.