Modern.az

Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirib

Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirib

Dünya

Bu gün, 04:29

Fransa Prezidenti Emmanuel Makron Seutadakı miqrasiya vəziyyəti ilə əlaqədar İspaniya ilə həmrəy olduqlarını bildirərək, ölkəsinin İspaniya ilə sərhəddə nəzarəti gücləndirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, vəziyyətlə bağlı İspaniyanın Baş naziri ilə əlaqə saxlayıb, həmrəylik ifadə edib və zəruri hallarda, o cümlədən Frontex vasitəsilə dəstək təklif edib.

Makron Mərakeşlə əməkdaşlığın davam etdiyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq nəticəsində artıq 40 mindən çox miqrant Seutadan Mərakeşə qaytarılıb. Onun sözlərinə görə, Fransa və İspaniyanın daxili işlər nazirləri vəziyyəti daim nəzarətdə saxlayırlar.

Fransa Prezidenti xatırladıb ki, Seutadan Şengen zonasının digər hissələrinə sərbəst hərəkət mümkün deyil. Bununla belə, o, daxili işlər nazirinə zərurət yaranacağı təqdirdə İspaniya ilə sərhəddə nəzarətin gücləndirilməsi barədə göstəriş verdiyini bildirib. Bu məqsədlə sərhədə mobil qüvvələr, aviasiya vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Makron əlavə edib ki, görülən tədbirlər 2020-ci ildən tətbiq olunan sərhəd mühafizəsi mexanizmlərini tamamlayır və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə Fransa ilə İspaniya arasında koordinasiyanı gücləndirir.

O, həmçinin vurğulayıb ki, ötən il Avropa İttifaqına qeyri-qanuni miqrasiya axını 25 faiz azalıb və 2026-cı ildə də Atlantik və Qərbi Aralıq dənizi marşrutlarında azalma davam edir.

Sonda Makron Fransa hökuməti və xalqı adından İspaniyaya, onun hökumətinə və xalqına həmrəyliklərini bir daha ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə