Şimali Koreyanın Rusiyaya əlavə ballistik raketlər göndərməsi Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün ciddi çağırış yaradır və Moskvanın uzunmüddətli raket hücumları imkanlarını genişləndirə bilər.
Modern.az xəbər verir ki, bu barədə The War Zone (TWZ) nəşri yazıb.
Nəşrin məlumatına görə, Rusiya Ukraynanın hava hücumundan müdafiəsinin əsas zəif cəhətlərindən biri olan "Patriot" sistemləri üçün raket çatışmazlığından istifadə edir. Şimali Koreyadan raket tədarükünün artması Moskvanın öz istehsal imkanlarından daha uzun müddət genişmiqyaslı zərbələr endirməsinə şərait yarada bilər.
Ukrayna hərbi kəşfiyyatının məlumatına əsasən, Pxenyan son vaxtlar Rusiyaya daha 40 ədəd KN-23 və KN-24 ballistik raketi göndərib. Ümumilikdə isə Moskvanın 120 belə raket və altı buraxılış qurğusu əldə etməyi planlaşdırdığı bildirilir.
Məqalədə qeyd olunur ki, Şimali Koreya Voronej vilayətində öz raket bölməsini də yerləşdirə bilər.
Analitiklərin fikrincə, Rusiya ballistik raketlərə üstünlük verir, çünki onlar Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün ən çətin hədəflərdən hesab olunur.
Mütəxəssislər bildirirlər ki, Rusiya "İskəndər" raketlərinin istehsalını nəzərəçarpacaq dərəcədə artıra bilməyib. Bu səbəbdən Şimali Koreyadan gələn əlavə raketlər həmin çatışmazlığı kompensasiya edir və Ukraynanın şəhərləri, enerji infrastrukturu və digər mülki obyektləri üçün təhlükəni artırır.
Nəşr vurğulayır ki, əsas risk təkcə yeni raket partiyası deyil, həm də Rusiyanın faktiki olaraq Şimali Koreyanın istehsal güclərindən yararlanmasıdır. Moskva bu istehsalı maliyyələşdirərsə, uzun müddət intensiv ballistik hücumlar həyata keçirə bilər.
Bildirilir ki, Ukrayna ballistik raketləri vurmaq imkanına malik olsa da, bunun üçün istifadə olunan raketlərin sayı məhduddur.
Hazırda "Patriot" sistemləri Rusiyanın "İskəndər", eləcə də Şimali Koreyanın KN-23 və KN-24 raketlərini effektiv şəkildə məhv edə bilən əsas vasitələrdən biri sayılır. Lakin bu sistemlər üçün raketlər bahalıdır, az sayda istehsal olunur və yalnız Ukrayna deyil, ABŞ və onun müttəfiqləri tərəfindən də tələb olunur.
Avropanın SAMP/T hava hücumundan müdafiə sistemləri də ballistik raketlərə qarşı istifadə olunsa da, Ukraynaya məhdud sayda tədarük edilib.
Məqalədə qeyd edilir ki, Ukrayna və Yaxın Şərqdəki müharibələr fonunda "Patriot" raketlərinə qlobal tələbat kəskin artıb.
ABŞ mərkəzli Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, Rusiyanın Şimali Koreya raketlərindən istifadə etməsi Pxenyana onları real döyüş şəraitində sınaqdan keçirmək və təkmilləşdirmək imkanı verir.
Hərbi ekspert Pavel Narojnının sözlərinə görə, hazırda Şimali Koreyanın KN-23 raketləri xüsusiyyətlərinə görə "İskəndər-M" kompleksinə yaxın hesab olunur.