ABŞ-ın ümumi dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötüb.
Modern.az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, ABŞ Xəzinədarlığının məlumatına əsasən, ölkənin ümumi dövlət borcu 40,047 trilyon dollara çatıb.
Bu məbləğ ABŞ əhalisinin sayına bölündükdə, hər amerikalının payına təxminən 119 min dollarlıq dövlət borcu düşür. Bu rəqəm ayrı-ayrı vətəndaşların şəxsi borcu deyil, ölkənin ümumi dövlət borcunun əhali sayına şərti bölünməsi nəticəsində alınan göstəricidir.
ABŞ-ın dövlət borcu son illərdə sürətlə artıb. Məlumata görə, borcun ümumi həcmi 2020-ci ildən bəri təxminən 17 trilyon dollar, 2008-ci ildən isə təxminən 30 trilyon dollar artıb.
ABŞ-ın ümumi borcunun 32,3 trilyon dolları ictimaiyyətin, 7,8 trilyon dolları isə hökumətdaxili qurumların payına düşür.
Dövlət borcunun 40 trilyon dollarlıq həddi keçməsi ABŞ iqtisadiyyatının maliyyə dayanıqlılığı ilə bağlı narahatlıqları da artırıb. Ekspertlər xüsusilə borca xidmət xərclərinin sürətlə yüksəlməsinə diqqət çəkirlər.
ABŞ dövlət borcu 2017-ci ilin əvvəlində 19,95 trilyon dollar təşkil edirdi. Beləliklə, son 10 ilə yaxın müddətdə ölkənin borcu iki dəfədən çox artıb.
ABŞ-da dövlət borcunun artımına pandemiya dövründəki böyük dövlət xərcləri, büdcə kəsirləri, vergi siyasəti, sosial proqramlara ayrılan vəsaitlər və borca görə faiz ödənişlərinin yüksəlməsi təsir edən əsas amillər sırasında göstərilir.