Gürcüstanın Dövlət Əmlakının Milli Agentliyi Karel rayonunun Orbodzala kəndində yerləşən Batet gölünün ərazisini elektron hərraca çıxarıb.
Modern.az xəbər verir ki, hərraca çıxarılan ərazinin sahəsi təxminən 28 min kvadratmetrdir. Torpaq sahəsinin 19 il müddətinə istifadəyə verilməsi nəzərdə tutulur. İllik icarə haqqı 17 200 lari müəyyənləşdirilib.
Hərracın əsas şərtlərindən biri yeni icarəçinin iki il ərzində ərazinin abadlaşdırılması və gölün təmizlənməsi də daxil olmaqla, ən azı 80 min lari investisiya yatırmasıdır.
Şərtlərə əsasən, Batet gölü hər kəs üçün ödənişsiz və açıq qalmalıdır. İcarəçi ərazidə kommersiya fəaliyyəti həyata keçirə bilər, lakin gölə girişin məhdudlaşdırılmasına icazə verilmir.
Ərazidə tikinti ilə bağlı da ciddi məhdudiyyətlər mövcuddur. Sahənin bir hissəsi su mühafizə və sahilboyu mühəndis mühafizə zonasında yerləşdiyindən burada əsaslı tikinti faktiki olaraq qadağandır. Hər hansı işin görülməsi üçün müvafiq dövlət qurumları ilə razılaşdırma tələb olunur.