Polşada Konstitusiya Tribunalının rəhbərliyinin fəaliyyətinin dayandırılması siyasi qarşıdurmaya səbəb olub. Prezident Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, ədliyyə naziri Valdemar Jurek tribunalın sədri Boqdan Şvençkovski və müavini Bartlomey Soxanskinin cinayət məsuliyyətinə cəlb olunması üçün toxunulmazlıqlarının qaldırılmasını istəyib. Onlar parlamentin seçdiyi yeni hakimlərin fəaliyyətə başlamasına mane olmaqda ittiham edilirlər.
Qərardan sonra müxalifətdəki “Hüquq və Ədalət” partiyasının nümayəndələri və tərəfdarları məhkəmə binasının qarşısına toplaşıblar. Etirazçıların binaya daxil olmasının qarşısını almaq üçün əraziyə xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib.
Varşavaya qayıdan Navrotski Prezident Sarayında tribunalın fəaliyyəti dayandırılmış sədri Boqdan Şvençkovski və Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapinski ilə gecə müşavirəsi keçirib. Daha sonra prezident Kapinski ilə birlikdə Konstitusiya Tribunalının binasına gedib.
Navrotski oktyabrın 31-nə parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə təcili məsləhətləşmələr də çağırıb. Prezident bunun məqsədinin siyasi vəziyyəti sabitləşdirmək və konstitusiya qaydasını bərpa etmək olduğunu bildirib.
Dövlət başçısı hökumətin addımlarını konstitusiya qaydasının pozulması kimi qiymətləndirib və polis qüvvələrinin tribunalın ərazisini tərk etməsini tələb edib.
Baş nazir Donald Tusk isə hökumətin qanunun aliliyini bərpa etmək üçün hərəkətə keçdiyini bəyan edib.
Qeyd edək ki, Polşada Konstitusiya Tribunalının tərkibi və hakimlərin təyinatı hökumətlə müxalifət arasında uzun müddətdir mübahisə mövzusudur. İqtidar bunu çevrilişə cəhd kimi qiymətləndirir.