Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələri sentyabrın 25-də açıqlanacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
İlkin məlumatlara görə, seçkilərdə seçici fəallığı 56,66 faiz təşkil edib. Moskvada isə elektron səsvermə də daxil olmaqla yüksək iştirak qeydə alınıb.
Seçki prosesi kiberhücumlar fonunda keçirilib. Rusiya rəsmilərinin məlumatına görə, seçki infrastrukturlarına qarşı 13 mindən çox DDoS hücumu qeydə alınıb. Hücumların əsasən xaricdən həyata keçirildiyi bildirilib.
Bundan başqa, son üç gün ərzində 10 regionda seçki komissiyalarına aid 74 binanın zədələndiyi və ya dağıdıldığı açıqlanıb. Bu məlumatı da Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova verib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Kiyev Rusiyada seçkilərin nəticələrini pozmağa çalışıb. Medvedev bunun əksinə, Rusiya cəmiyyətinin daha da birləşməsinə xidmət etdiyini iddia edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Dövlət Dumasına seçkilərin nəticələri Avropa İttifaqının nəticələrin guya legitim olmadığı barədə iddialarına Rusiyanın əsas cavabı olacaq.
Qeyd edək ki, Rusiyada IX çağırış Dövlət Dumasına deputat seçkiləri 18–20 sentyabr tarixlərində keçirilib. Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova yekun nəticələrin 25 sentyabrdan tez olmayaraq açıqlanacağını bildirib.
Seçkilərdə federal partiya siyahıları üzrə 10 siyasi qüvvə iştirak edib:
“Vahid Rusiya” (“Единая Россия”)
Rusiya Liberal-Demokrat Partiyası – LDPR
Birbaşa Demokratiya Partiyası
“Yaşıllar”
“Ədalətli Rusiya”
“Rodina” (“Vətən”)
Rusiya Kommunist Partiyası – KPRF
Pensiyaçılar Partiyası
“Rusiya Kommunistləri”
“Yeni insanlar”
İlkin hesablamalarda beş partiyanın Dövlət Dumasına keçməsi üçün kifayət qədər səs topladığı bildirilir. Lakin yekun nəticələr yalnız Mərkəzi Seçki Komissiyasının bütün prosedurları başa çatdırmasından sonra rəsmən açıqlanacaq.