Nyu-York bu həftə dünyanın siyasi mərkəzinə çevrilir. BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində prezidentlər, baş nazirlər və digər yüksək vəzifəli şəxslər bir araya gələcək. Sessiyanın əsas mövzusu “Etimadı bərpa etmək, transformasiyanı idarə etmək: hamı üçün nəticə verən BMT” müəyyənləşdirilib. Baş Assambleyanın ümumi müzakirələri sentyabrın 22-də başlayacaq.
Modern.az xəbər verir ki, bu il Nyu-York görüşlərinin diqqət mərkəzində ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian da olacaq. ABŞ administrasiyası İran nümayəndə heyətinin, o cümlədən Pezeşkianın BMT Baş Assambleyasına qatılmasına icazə verib.
Ən böyük maraq isə iki liderin görüşüb-görüşməyəcəyinə yönəlib. Tramp ötən gün Pezeşkianla BMT Baş Assambleyası çərçivəsində görüşə açıq olduğunu bildirib. Bununla yanaşı, ABŞ və İran arasında münasibətlərdə ciddi gərginlik davam edir və tərəflərin mövqeləri arasında mühüm fikir ayrılıqları qalır. Əgər belə bir görüş baş tutarsa, bu, təkcə hazırkı böhranın müzakirəsi baxımından deyil, ABŞ-İran münasibətlərinin tarixi baxımından da diqqətçəkən hadisə olacaq.
Çünki 1979-cu il İran İslam İnqilabından sonra ABŞ və İran prezidentlərinin üz-üzə görüşü baş verməyib. 2013-cü ildə ABŞ Prezidenti Barak Obama ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı 1979-cu ildən sonra iki ölkənin prezidentləri arasında ilk birbaşa əlaqə olmuşdu. Lakin liderlər həmin vaxt da üz-üzə görüşməyiblər. Bu baxımdan Tramp-Pezeşkian görüşü baş tutarsa, ABŞ və İran prezidentləri arasında 1979-cu ildən sonrakı dövrdə ilk üzbəüz görüş kimi tarixə düşə bilər.
Qeyd edək ki, BMT Baş Assambleyasının əsas xüsusiyyətlərindən biri burada təşkilata üzv olan bütün 193 dövlətin təmsil olunması və hər bir ölkənin bir səsə malik olmasıdır. Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyada beş daimi üzvün veto hüququ yoxdur. Buna görə də sessiya dünya ölkələrinin mövqelərinin birbaşa səsləndirildiyi əsas beynəlxalq platformalardan biri hesab olunur.
81-ci sessiyaya Banqladeşdən Xalilur Rəhman sədrlik edir. Sessiyanın əsas mövzusu isə etimadın bərpası və qlobal transformasiyanın idarə olunmasıdır. Builki yüksək səviyyəli həftə Yaxın Şərqdəki münaqişələr, beynəlxalq təhlükəsizlik, Ukrayna, Qəzza, iqlim dəyişikliyi, süni intellekt və BMT-nin gələcəyi ilə bağlı müzakirələrin fonunda keçirilir.