Ermənistan İranla dostluq münasibətlərini qorumaq niyyətindədir, lakin ölkənin özü üçün sanksiya təhlükəsi yarada biləcək addımlar atmayacaq.
Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Tehrana qarşı tətbiq edilən yeni məhdudiyyətləri şərh edərkən bildirib.
“Biz sanksiyalar paketini öyrənirik. Bütün tərəfdaşlarımızla münasibətlərimizdə tam şəffafıq. Xüsusilə dost ölkələrlə münasibətlərimizin belə qalması üçün maksimum səy göstərəcəyik. Amma keçə bilməyəcəyimiz bir xətt var – Ermənistanın özünün sanksiyalara məruz qalması riski”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, belə bir risk yaranacağı təqdirdə İrəvan müvafiq qərar qəbul etməli olacaq.
Qeyd edək ki, sentyabrın 23-dən ABŞ-ın İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlər ABŞ-ın dollar sistemindən kənarlaşdırılmaq riski ilə üzləşə bilər.
Bu fonda Gürcüstan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraq da daxil olmaqla bir sıra ölkələr İran aviaşirkətlərinin təyyarələri üçün hava limanlarını bağlayıb.
Bununla belə, İran aviaşirkətləri Çin, Ermənistan, Rusiya və Türkiyəyə uçuşları davam etdirir.