Türkiyədə sərmayə qoyan əcnəbilər üçün yeni yaşayış icazəsi qaydaları qüvvəyə minib. Ən azı 150 min dollar yatıranlar 3 illik, 200 min dollar yatıranlar isə 5 illik yaşayış icazəsi ala biləcəklər.
Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmî Gazete”də dərc olunub. Qaydalar Türkiyədə işləməyən xarici investorları, onların əcnəbi həyat yoldaşlarını, yetkinlik yaşına çatmayan və ya himayələrində olan əcnəbi övladlarını əhatə edir.
Sərmayə Türkiyədə fəaliyyət göstərən bankda depozitə yerləşdirilə, dövlət qiymətli kağızlarına, daşınmaz əmlak və ya vençur kapitalı fondlarının paylarına yatırıla bilər. Fərdi pensiya sisteminə vəsait köçürmək də nəzərdə tutulan variantlardandır.
İnvestor vəsaiti 3 illik icazə üçün ən azı 1 il 6 ay, 5 illik icazə üçün isə 2 il 6 ay saxlamalıdır. Bu qaydada verilən yaşayış icazəsi Türkiyə vətəndaşlığının istisna qaydasında alınması üçün əsas sayılmır.