Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə keçirdiyi danışıqlardan sonra iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. O, həmçinin Moskva ilə Pekinin beynəlxalq münasibətlərdə çoxqütblü dünya nizamının formalaşdırılması məsələsində ortaq mövqedən çıxış etdiyini bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin bu barədə Çinin Şençjen şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilə Pekin Politexnik Universitetinin birgə kampusunda tələbə və müəllimlər qarşısında çıxışı zamanı danışıb.
Rusiya prezidenti tədbirdən əvvəl Si Cinpinlə ətraflı söhbət etdiklərini bildirib.
“Görüşümüzdən bir qədər əvvəl mənim yaxşı dostum, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ətraflı söhbətimiz oldu”, – Putin deyib.
Onun sözlərinə görə, liderlər söhbət zamanı təhsil və elm sahəsində əməkdaşlığın Rusiya-Çin münasibətlərində mühüm yer tutduğunu vurğulayıblar.
Putin Rusiya ilə Çin arasında tələbə mübadiləsinin miqyasına diqqət çəkib.
O qeyd edib ki, hazırda Rusiyanın ali təhsil müəssisələrində 60 mindən çox çinli tələbə oxuyur. Çində isə 20 mindən artıq rusiyalı gənc ali təhsil alır.
Rusiya prezidenti Moskva Dövlət Universiteti ilə Pekin Politexnik Universitetinin birgə təsis etdiyi ali məktəbi iki ölkənin təhsil sahəsində əməkdaşlığının ən uğurlu nümunələrindən biri kimi qiymətləndirib.
Putin iki ölkə arasında birgə ali təhsil müəssisələrinin sayının da artdığını vurğulayıb.
Hazırda Çində 45 Rusiya-Çin birgə universiteti fəaliyyət göstərir.
Rusiya prezidenti iki ölkə arasında dil öyrənilməsinə marağın yüksəldiyini bildirib.
Onun sözlərinə görə, hazırda rus dili Çində 200-dən çox universitetdə və 125 məktəbdə tədris olunur. Rusiyada isə 100 mindən artıq insan Çin dilini öyrənir.
Putin ikitərəfli münasibətlərin digər istiqamətlərinə də toxunaraq, vizasız rejimin tətbiqindən sonra Rusiya ilə Çin arasında qarşılıqlı turist axınının 43 faiz artdığını bildirib.
Putinlə Si Cinpin arasında keçirilən danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendəki sammiti çərçivəsində baş tutub. Görüş iki saatdan çox davam edib.
Danışıqların əvvəlində Putin Moskva və Pekinin daha ədalətli çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində konstruktiv mövqe tutduğunu bildirib. Onun sözlərinə görə, iki ölkənin ümumi məqsədlərindən biri Asiya-Sakit Okean regionunda rifahın təmin edilməsidir.
Si Cinpin isə Rusiya və Çinin münasibətlərdə ardıcıllığı qorumasının, cəsarətlə irəliləməsinin, çoxqütblü dünyanın formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşdirilməsinə töhfə verməsinin vacibliyini vurğulayıb. Çin lideri iki ölkə arasındakı münasibətləri istənilən çətinlik və fırtına qarşısında möhkəm dayanan dağa bənzədib.
Bu, Putinlə Si Cinpin arasında 2026-cı ilin əvvəlindən bəri beşinci təmasdır.
Şençjendə keçirilən APEC sammitinin diqqət çəkən məqamlarından biri də noyabrın 19-na planlaşdırılan üçtərəfli görüşdür. Həmin görüşdə Vladimir Putin, Si Cinpin və ABŞ Prezidenti Donald Trampın iştirakı nəzərdə tutulur.
Kreml, Ağ Ev və Çin Xarici İşlər Nazirliyi üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyiblər.