Ermənistanda yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə Təhlükəsizlik Şurası konstitusion orqan statusunu itirəcək. Bununla belə, təhlükəsizlik məsələləri ilə məşğul olan müvafiq struktur fəaliyyətini davam etdirəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında danışıb.
O, yeni Konstitusiyanın qəbulundan sonra Təhlükəsizlik Şurasının ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
A.Simonyanın sözlərinə görə, yeni sənəd qəbul olunduğu halda Təhlükəsizlik Şurası indiki konstitusion statusunu itirsə də, təhlükəsizlik məsələləri üzrə fəaliyyət göstərən qurum olacaq. Həmin struktur hətta təhlükəsizlik məsələləri üzrə baş müşavir statusu da daşıya bilər.
“Təhlükəsizlik Şurası institutu 99 faiz hallarda yalnız postsovet ölkələrində, özü də prezident üsul-idarəsi olan dövlətlərdə mövcuddur. Bizim ölkəmiz parlament respublikasıdır və faktiki olaraq hökumət bu gün Təhlükəsizlik Şurasının funksiyalarını müstəqil şəkildə yerinə yetirmək iqtidarındadır. Lakin bu institut Konstitusiyada təsbit olunduğuna görə, biz Konstitusiyanın tələblərinə uyğun hərəkət edirik.
Bu, Ermənistanda təhlükəsizlik qurumunun olmayacağı və ya belə bir strukturun fəaliyyət göstərməyəcəyi demək deyil. Sadəcə, onun adı fərqli ola bilər”, – deyə o bildirib.
Gələcək fəaliyyəti ilə bağlı danışan Alen Simonyan başqa vəzifə tutmasını və ya fərqli funksiyaları yerinə yetirməsini istisna etməyib. Bununla belə, bu məsələnin Baş nazir Nikol Paşinyanın qərarından asılı olduğunu vurğulayıb.