Modern.az

Xamenei İranın gələcək strategiyasını AÇIQLADI

Xamenei İranın gələcək strategiyasını AÇIQLADI

Dünya

Bu gün, 11:56

İranın yeni ali rəhbəri Müctəba Xamenei ölkəsinin gələcək inkişaf strategiyasında elm və texnologiyanın əsas yer tutacağını bəyan edib. O, fundamental elmlərin inkişafı, texnoloji müstəqilliyin təmin olunması və İranın dünya elmi məkanında aparıcı mövqeyə yüksəlməsini qarşıya məqsəd qoyub.

Modern.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Müctəba Xamenei alimlərə ünvanladığı mesajda ölkənin güclənməsinin əsas şərtlərindən birinin elmi və texnoloji potensial olduğunu bildirib. Onun sözlərinə görə, elmi qüdrət İranın yeni dünya nizamındakı mövqeyini müəyyənləşdirən mühüm amillərdəndir.

O, fizika, kimya, biologiya və riyaziyyat kimi fundamental elmlərin inkişafı üçün ciddi və praktiki proqram hazırlanmasının vacibliyini vurğulayıb. Xamenei hesab edir ki, bu sahələr digər elm istiqamətlərinin və tətbiqi texnologiyaların əsasını təşkil edir. Buna görə də elmi yeniliklərə, ixtiralara və indiyədək araşdırılmamış problemlərin həllinə xüsusi diqqət yetirilməli, yeni ideyalar irəli sürən alimlər üçün stimullar yaradılmalıdır.

“Tasnim”in təhlilində bu yanaşmanın süni intellekt, kvant texnologiyaları və aerokosmik sənaye kimi strateji sahələrin inkişafı ilə əlaqəli olduğu qeyd edilir. Agentlik fundamental elmlərin gücləndirilməsini İranın texnoloji baxımdan xarici asılılığını azaltmaq üçün vacib şərt kimi qiymətləndirir.

İran rəhbəri elmi araşdırmaların universitet və laboratoriyalarla məhdudlaşmamasını, onların istehsalata və iqtisadiyyata tətbiqini də vacib sayır. O, universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın tələbələrin təhsilinin ilk illərindən qurulmasını, elmi nəticələrin real məhsula çevrilməsini və innovativ şirkətlərin dəstəklənməsini təklif edib.

Xameneinin fikrincə, professor və tələbələrin araşdırmaları ölkənin su və torpaq ehtiyatlarından səmərəli istifadə, ərzaq təhlükəsizliyi, enerji təminatı və süni intellekt sahəsindəki problemlərinin həllinə xidmət etməlidir. O, həmçinin alimlərin dövlətin planlaşdırma və qərarqəbuletmə proseslərinə cəlb edilməsinin vacibliyini bildirib.

Müctəba Xamenei İranın elmi potensialını nümayiş etdirən bir sıra nailiyyətləri də sadalayıb. Bunlara yerli istehsal olan turbinlərlə elektrik enerjisinin istehsalı, ölkənin cənub adalarında suyun duzsuzlaşdırılması qurğularının yaradılması, şimal bölgələrində kənd təsərrüfatı dronlarından istifadə daxildir.

O, həmçinin Royan Tədqiqat İnstitutunun sonsuzluğun müalicəsi sahəsindəki nailiyyətlərini, çətin müalicə olunan xəstəliklərin diaqnostikası və müalicəsində radiodərmanların tətbiqini, məsafədən zondlama peykləri vasitəsilə torpaq, su və əkin sahələrinin monitorinqini qeyd edib.

İran rəhbəri müdafiə və hərbi sahələrdə əldə olunan elmi-texnoloji nailiyyətlərin də ölkənin potensialını göstərdiyini bildirib.

Mesajında İran alimlərinin ölkənin inkişafındakı roluna toxunan Xamenei tanınmış alimlərin və elmi xadimlərin öldürülməsini İranın tərəqqisinə mane olmaq cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, ölkənin inkişafını qəbul edə bilməyən qüvvələr alimləri zəiflətməklə yanaşı, cəmiyyətdə ümidsizlik yaratmağa və istedadlı gəncləri Qərbin elmi-iqtisadi sistemindən asılı vəziyyətə salmağa çalışırlar.

Müctəba Xamenei İranın gələcəklə bağlı hədəflərindən də danışıb. O bildirib ki, düzgün strategiya həyata keçirilərsə, xüsusilə fundamental elmlərin bəzi istiqamətləri üzrə bilik və elmin ağırlıq mərkəzi tədricən Qərb ölkələrindən İrana keçə bilər.

İranın yeni ali rəhbəri ölkəsinin yaxın gələcəkdə elm və texnologiya sahəsində beynəlxalq istinad mərkəzinə çevriləcəyinə ümid etdiyini, fars dilinin də dünyanın əsas elmi dillərindən biri olmasını hədəflədiklərini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?