Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan təhdid olunduğunu bildirib.
Modern.az xəbər verir ki, Anna Akopyan bu barədə "Instagram" səhifəsində paylaşdığı videoda danışıb.
O bildirib ki, ailədaxili zorakılıq mövzusunda çıxış etməyə başladıqdan sonra ünvanına ölüm və zorakılıq təhdidləri gəlməyə başlayıb.
"Ümid edirəm ki, dövlət qurumları belə bir hadisənin baş verməsinə imkan verməyəcək. Çünki birinci xanım zorakılığa məruz qalarsa, bu, ölkənin nüfuzuna ciddi zərbə vurar", - deyə Anna Akopyan bildirib.
Anna Akopyan Ermənistanda “Mənim addımım” xeyriyyə fondunun icraçı direktorudur.
Bu ilin 27 fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi.
Lakin iyun ayında keçirilən parlament seçiləri ərəfəsində Ermənistan mətbuatı Nikol Paşinyanla Anna Akopyanın barışdığı barədə xəbərlər tirajladı.
Nikol Paşinyanla Anna Akopyan tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.
Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.
Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.
2018-ci ildə Anna Akopyan "Mənim addımım" xeyriyyə fondu təsis edib.
Anna ilə Nikolun izdivacından 4 uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.