Azərbaycanda idman federasiyalarının prezidentləri, adətən, 4 illik müddətə seçilir. Bu müddət başa çatdıqdan sonra federasiyalarda hesabat-seçki konfransları keçirilir və rəhbərlik ya yenilənir, ya da mövcud prezident növbəti müddət üçün yenidən seçilir. Bununla yanaşı, bəzi hallarda təşkilati səbəblərdən bu konfransların keçirilməsi müəyyən müddət gecikə bilər və bu zaman hazırkı rəhbərlik fəaliyyətini davam etdirir.
Azərbaycanda idman federasiyalarının idarə olunması modelində diqqət çəkən xüsusiyyətlərdən biri də müxtəlif federasiyalara dövlət qurumlarında çalışan yüksək vəzifəli şəxslərin rəhbərlik etməsidir. Bu yanaşma, əsasən, federasiyaların idarəetmə imkanlarının genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və təşkilati resursların daha səmərəli koordinasiyası baxımından tətbiq olunur. Eyni zamanda, bu model uzun illərdir formalaşmış idarəetmə praktikasının bir hissəsi kimi çıxış edir.
Modern.az Azərbaycan idman federasiyalarında fəaliyyət müddəti başa çatmaq üzrə olan və rəhbərliyi sual altında olan prezidentləri araşdırıb.

Uzun müddət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-nə rəhbərlik etmiş Saleh Məmmədov 2016-cı ildən Azərbaycan Həndbol Federasiyasının prezidentidir. O, 2022-ci ildə keçirilən hesabat-seçki konfransında yenidən bu vəzifəyə seçilib. Mövcud qaydalara uyğun olaraq onun növbəti 4 illik səlahiyyət müddəti 2026-cı ildə başa çatır. 2017-ci ildən AAYDA-a rəhbərlik edən S. Məmmədovun adı yüzmilyonlarla vəsaitin artıq xərclənməsində çəkilir və bu faktor da federasiyadakı gələcək fəaliyyəti ilə bağlı müəyyən qeyri-müəyyənlik yaradır.

Bənzər vəziyyət Azərbaycan Qış İdman Növləri Federasiyasında da müşahidə olunur. 2022-ci ildə keçirilən hesabat-seçki konfransında Fuad Nağıyev federasiyanın prezidenti seçilib. Mövcud qaydalara əsasən onun 4 illik səlahiyyət müddəti 2026-cı ildə başa çatır və bu da yaxın dövrdə federasiyada yeni seçki məsələsini aktuallaşdırır.
Fuad Nağıyev eyni zamanda Dövlət Turizm Agentliyinin sədridir və uzun müddətdir dövlət idarəçiliyində fəaliyyət göstərir. Bununla yanaşı, 2025-ci ildə qurumdakı fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona şiddətli töhmət verilməsi F. Nağıyevin formal olaraq federasiyadakı vəzifəsinə birbaşa təsir etməsə də, ümumi kontekstdə onun növbəti müddət üçün yenidən namizəd olub-olmayacağı ilə bağlı sualları artırır.

2022-ci ilin iyulunda Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib və keçirilən seçkilərin nəticəsində Oqtay Əsədov yenidən 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Qeyd edək ki, uzun illər yüksək dövlət vəzifəsində çalışmış Oqtay Əsədov son dövrlərdə ictimai-siyasi və idman tədbirlərində demək olar ki, görünmür, aktiv fəaliyyəti ilə seçilmir. Bu isə onun federasiyaya rəhbərlik baxımından nə dərəcədə aktiv olduğu ilə bağlı müəyyən suallar yaradır.
Onun prezident kimi növbəti müddəti 2026-cı ildə başa çatmalıdır və bu fonda qarşıdakı dövrdə federasiyada həm rəhbərliyin davam edib-etməyəcəyi, həm də mümkün dəyişikliklər məsələsi aktuallaşa bilər.

Emin Əmrullayev 14 dekabr 2021-ci ildə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib. O, artıq 4 ildən artıq müddətdir bu vəzifəni icra edir və səlahiyyət müddəti faktiki olaraq tamamlanmaq üzrədir.
Mövcud qaydalara uyğun olaraq federasiyada yaxın dövrdə hesabat-seçki konfransının keçirilməsi gözlənilir. Bu isə yeni seçkilərin baş tutacağı və rəhbərliyin növbəti 4 il üçün formalaşacağı anlamına gəlir.

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımovdur. O, 20 noyabr 2021-ci ildə keçirilən ümumi yığıncaqda bu vəzifəyə seçilib və buna uyğun olaraq 4 illik səlahiyyət müddəti başa çatır. Bu isə federasiyada yaxın dövrdə hesabat-seçki məsələsinin gündəmə gələcəyini göstərir.
Balakişi Qasımov eyni zamanda 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorudur. "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəridir. Qeyd edək ki, onun İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor kimi vəzifə səlahiyyət müddəti də bitir və gələn ay bu postda da yeni seçkilər keçiriləcək.

Şahin Mustafayev 27 dekabr 2021-ci ildə keçirilən ümumi yığıncaqda Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti vəzifəsinə növbəti müddət üçün seçilib. Bununla onun 4 illik səlahiyyət müddəti başa çatır və federasiyada yaxın dövrdə yeni hesabat-seçki konfransının keçirilməsi gözlənilir.
Eyni vəziyyət Azərbaycan Taekvondo Federasiyasında da müşahidə olunur. 2021-ci ilin dekabrında keçirilən hesabat-seçki konfransında Kəmaləddin Heydərov yenidən federasiya prezidenti seçilib. Onun da 4 illik səlahiyyət müddəti artıq tamamlanıb və növbəti seçkilərin keçirilməsi gözlənilən federasiyalar sırasındadır.
Azərbaycan idman federasiya prezidentləri arasında yeganə qadın olan Günel Muradova 2021-ci ildən Azərbaycan Kapoeyra Federasiyasına rəhbərlik edir. O, 23 sentyabr 2020-ci ildə əvvəlki prezident Nahid Ağazadə istefa verdikdən sonra bu vəzifəyə gətirilib və daha sonra federasiyanın prezidenti kimi fəaliyyətini davam etdirir. Fəaliyyət müddəti bu il bitənlər arasında Qüdrət Qurbanov da var. O, 2022-ci ildə Azərbaycan Yelkən Federasiyasının prezidenti seçilib. Q. Qurbanov Dövlət Dəniz Agentliyində rəhbər vəzifədə çalışıb.

Gələn il fəaliyyət müddəti bitənlər:
Kamran Nəbizadə 28 sentyabr 2023-cü ildə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib. Bununla onun 4 illik səlahiyyət müddəti 2027-ci ildə başa çatır. O, eyni zamanda 2017-ci ildən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktorudur.
2023-cü ildə keçirilən ümumi yığıncaqda Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçilib. Onun da 4 illik fəaliyyət müddəti 2027-ci ildə tamamlanacaq. O, paralel olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir.
Eyni ildə keçirilən ümumi yığıncaqda Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasına rəhbər seçilib. Onun da səlahiyyət müddəti 2027-ci ilə qədər davam edir.