Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Modern.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.
“Qarabağ” II təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdırsa, növbəti raundda ÇSKA Sofiya (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyun Azərbaycanda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da reallaşacaq.
***
10:04
"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.
Modern.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam təmsilçisi II təsnifat mərhələsinin püşkatmasında səpələnmiş komandalar sırasında yer alıb.
"Qarabağ"ın mümkün rəqibləri arasında Türkiyənin "Beşiktaş", Niderlandın "Tvente", Norveçin "Tromse", İsveçrənin "Sankt Qallen", İsveçin "Hammarbü" klubları, eləcə də "Şerif" (Moldova) – "Aluminiy" (Sloveniya), "Dinamo" (Kiyev, Ukrayna) – "Universitatya" (Kluj, Rumıniya), "Hayduk" (Xorvatiya) – "Jilina" (Slovakiya) və ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütlərinin qalibləri yer alır.
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk görüşünü səfərdə keçirəcək.