Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda ticarət, investisiya, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Əli Əsədov ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin rolunu vurğulayıb. Prezident İlham Əliyevin bu ilin aprelində Gürcüstana dövlət səfəri, eləcə də Gürcüstan Baş nazirinin mayda Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların əməkdaşlığa əlavə təkan verdiyi bildirilib.
İclasda qeyd olunub ki, bu ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard ABŞ dollarına yaxınlaşıb. Bu göstərici ötən ilin ümumi ticarət dövriyyəsini üstələyib. Azərbaycanın Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olduğu da diqqətə çatdırılıb.
Energetika sahəsində Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin regionun və Avropanın enerji təhlükəsizliyində rolu vurğulanıb. Bildirilib ki, iyulda Gürcüstanın enerji sistemində baş vermiş böhran zamanı qarşı tərəfin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib. Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan dəhlizin yaradılması istiqamətində işlər də müzakirə edilib.
Nəqliyyat sahəsində Orta Dəhlizin tranzit potensialının artırılması və sərhəd-keçid imkanlarının genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Azərbaycan-Gürcüstan sərhədində “İpək Yolu (Ağstafa) – Abreşumis Qza (Qardabani)” birgə sərhəd-keçid məntəqəsinin yaradılması layihəsinin əhəmiyyəti qeyd olunub.
Kənd təsərrüfatı sahəsində isə bitki karantini və mühafizəsi, eləcə də baytarlıq üzrə imzalanması nəzərdə tutulan sənədlərin nəzarət prosedurlarının sadələşdirilməsinə və qarşılıqlı ticarətin artırılmasına xidmət edəcəyi bildirilib.
Tərəflər Kür çayı hövzəsinin mühafizəsi, transsərhəd su ehtiyatlarının çirklənməsinin qarşısının alınması və səmərəli idarə olunması üzrə birgə səylərin artırılmasının vacibliyini vurğulayıblar. Mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulub.
İclasın yekununda Əli Əsədov və İrakli Kobaxidze komissiyanın 11-ci iclasının protokolunu imzalayıblar.




