Modern.az

Türkiyə millisi 2-ci oyuna çıxır - Montella söz verdi - AÇIQLAMA

Türkiyə millisi 2-ci oyuna çıxır - Montella söz verdi - AÇIQLAMA

İdman

Bu gün, 16:28

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatı davam edir.

Sabah səhər saatlarında D qrupunda maraqlı qarşılaşmaya şahid olacağıq.

Belə ki, Bakı vaxtı ilə saat 07:00-da Türkiyə - Paraqvay matçı start götürəcək.
 
Modern.az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi – italiyalı mütəxəssis Vinçenzo Montella Paraqvay oyunu öncəsi mühüm açıqlamalar verib və Avstraliya matçından sonra ona yönələn tənqidlərə münasibət bildirib.

Montella Paraqvayı çətin rəqib kimi xarakterizə edib:

“Paraqvay həqiqətən qol vurmaqda çox yaxşıdır və xarakterli oyunçulara malikdir. Hücumçuları və bombardirləri çox güclüdür. Onlara böyük hörmətlə yanaşırıq.
Əlbəttə, biz həmişə müəyyən dəyişikliklər etmişik və yenə edə bilərik. Burada məsələ futbolçuları taktiki səbəblərlə və ya başqa şeylərə görə heyətdən kənarda saxlamaq deyil. Sabah bəzi dəyişikliklər ola bilər, amma bu dəyişikliklər yalnız taktiki xarakter daşıyacaq və oyunun strategiyasına uyğun olacaq. Hər hansı futbolçu oynamayacaqsa, bu onun ilk matçda etdiklərinə görə deyil, yalnız oyunun strategiyasına görə olacaq”.

Tənqidlər onu məyus edib

Montella bildirib ki, bəzi açıqlamalar milli komandanın futbolçularına mənfi təsir göstərir:

“Avstraliya ilə oyunun ikinci hissəsində İsmaili meydana buraxdıq, çünki Avstraliyanın əks-hücumlarda təhlükəli olduğunu bilirdik. Onlar sanki cərrah dəqiqliyi ilə oynayırdılar. Avstraliyaya qarşı təxminən 30 zərbə fürsəti yaratdıq. Məsələn, Portuqaliya Konqo Demokratik Respublikası ilə oyunda buna yalnız 1 dəfə nail olmuşdu.

Rəqib komanda son 25-30 metrdə 10 nəfərlə müdafiəyə çəkildikdə, bu səddi aşmaq çox çətin olur. Belə hallarda uzaq məsafədən zərbələr vurmaq lazımdır və biz bunu etməyə çalışdıq. Bəlkə də bunu kifayət qədər yaxşı bacarmadıq. Amma hər oyun fərqlidir. Hazırlıq da, oyun planı da dəyişir.

Biz bu matçı təhlil etdik. Bəzi məqamlarda daha yaxşı oynaya bilərdik. Xüsusilə topa nəzarətdə daha üstün ola bilərdik və təhlükələri azalda bilərdik. Bununla belə, bəzən oyunun gedişində topa nəzarətlə bağlı dəyişiklikləri qəbul etmək lazımdır”.

Montella deyib ki, tənqidlər onu məyus edib:

“Çünki komandam son üç ildə çox yaxşı nəticələr əldə edib və düşünürəm ki, bir az daha çox hörmətə layiqik. Hətta daha yaxşı oynaya biləcəyimizi qəbul etsək belə.

Mən özümü türk kimi hiss edirəm. Hətta bu qarışıqlığı yaradan və onu qızışdıran bəzi insanlardan daha çox türk kimi hiss edirəm. Bu hadisələr həm Türkiyədə, həm də xaricdə diqqətlə izlənildi. Təkcə mətbuat konfranslarında deyilən sözlərdən danışmıram; bəzi şəxslər süni qarışıqlıq yaradırlar.

Bu məni çox təsirləndirmir, çünki artıq yaşım daha çoxdur. Amma bunun futbolçulara təsiri olur. Onlar 20 yaşlarında gənclərdir və belə vəziyyətlər onları incidə, üzə bilər. Mən bu möhtəşəm futbolçulara güvənirəm. Dünya Kubokunda yolumuza davam edə bilmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik”.

Futbolçuları müdafiə etdi

İtaliyalı baş məşqçi bildirib ki, son günlər futbolçuların əhval-ruhiyyəsinə müsbət təsir göstərməyə çalışıb:

“Son bir neçə gün ərzində futbolçuların mənəvi durumuna müsbət təsir etdiyimi düşünürəm. Həmişə onlara deyirəm ki, fikirləri aydın olsun, rahat olsunlar. Məğlubiyyətdən sonra bunu etmək əlbəttə ki, asan deyil.

Uduzduqdan sonra yenidən toparlanmaq və sıçrayış etmək heç də asan deyil. Belə ciddi tənqidlərdən sonra, xüsusilə də aralarında haqlı tənqidlər olduğu halda, futbolçuların təsirlənməsi tamamilə normaldır.

Eyni zamanda onları tərifləmək də lazımdır, bu mənim işimin bir hissəsidir. Amma ictimai rəylərə baxanda görürəm ki, insanlar mütləq hansısa nöqsan və ya səhv axtarırlar. Mən bunun fərqindəyəm. Axı mən milli komandanın baş məşqçisiyəm”.

Montella deyib ki, milli komanda azarkeşlər və türk xalqı qarşısında məsuliyyət daşıyır, futbolçular da bunun fərqindədirlər..

“Əslində mən məğlubiyyətdən sonra futbolçuların davranışlarını daha çox sevirəm. Şəxsən düşünürəm ki, oyunçulara sevgi və dəstək ən çox ehtiyac duyduqları vaxtda verilməlidir. Təkcə qalib gəldikləri zaman deyil”.


“Onlar maşın və ya robot deyillər”

Vinçenzo Montella bildirib ki, milli komandanın futbolçuları səslənən sərt reaksiyalardan təsirlənsələr də, yenidən meydana çıxmaq üçün çox həvəslidirlər:

“Futbolçuların yenidən meydana çıxmaq üçün çox istəkli olduqlarını görürəm. Çünki onlar incidilər. Nəticədə onlar maşın və ya robot deyillər. Bəzi həddindən artıq reaksiyalar onlara təsir etdi. Amma mən həm özümə, həm də futbolçularıma güvənirəm. İlk fit səsləndikdən sonra onların mümkün qədər rahat şəkildə oynayıb ən yaxşı nəticəni əldə etmələrini arzulayıram”.

52 yaşlı italiyalı mütəxəssis Paraqvay komandasının fiziki baxımdan çox güclü olduğunu da vurğulayıb:

“Paraqvay fiziki cəhətdən çox güclü komandadır. Onların emosiyaları və xarakterləri həmişə ön plana çıxır. Hər oyun fərqlidir, buna görə də rəqibə diqqət yetirməliyik. Amma mən daha çox öz komandama fokuslanmağa üstünlük verirəm. Futbolçularımın mümkün qədər ən yaxşı vəziyyətdə olmalarını və performanslarını daha yaxşı göstərə bilmələrini istəyirəm”.

“Hədiyyə olaraq bu qələbəni almağı ümid edirəm”

Dünən ad günü olan Vinçenzo Montella Paraqvay üzərində qələbənin onun üçün ən gözəl hədiyyə olacağını bildirib:

“Ad günümü həmişə evdə, öz ölkəmdə qeyd etmişəm. İndi isə ikinci dəfədir ki, ad günümü komandam və futbolçularımla birlikdə qeyd edəcəyəm. Avropa çempionatı və Dünya Kuboku da bunun bir hissəsidir. Ümid edirəm ki, iki ildən sonra da ad günümü futbol ailəmlə birlikdə qeyd edə biləcəyəm.

50 yaşımın tamam olması ilə bağlı çox gözəl xatirələrim var. Avropa çempionatında futbolçuların qazandığı qələbələr mənim üçün ən gözəl ad günü hədiyyəsi olmuşdu. Ümid edirəm ki, sabahkı oyundan sonra da hədiyyə kimi bu qələbəni əldə edəcəyəm”.

 “Biz motivasiyalıyıq və hazırıq. Mən hazıram, futbolçular da oyuna hazırdırlar. Axı biz daha əvvəl sizin bizimlə fəxr etməyinizə səbəb olmuşuq. Yenə bunu etmək üçün buradayıq”, baş məşqçi vurğulayıb.

Montellanın əsas mesajı budur ki, bir məğlubiyyətə görə son illərdə milli komandanın qazandığı uğurları və futbolçuların əməyini unutmaq düzgün deyil; komandanın indi daha çox dəstəyə ehtiyacı var.

Futbolçuların ailələri yanlarına gətirildi

Baş məşqçi bildirib ki, futbolçuların ailələri də ABŞ-a gətirilib və onların birlikdə vaxt keçirmələrinə şərait yaradılıb:

“Bu nəslin insanlarını sosial mediadan uzaqlaşdırmaq mümkün deyil. Mən bunun fərqindəyəm. Ona görə də daha çox qarşıdakı işlərə diqqət yetirdim. Futbolçuların etməli olduqları işlərə fokuslanmalarını istədim. Mən vaxtımı matçların təhlilinə və məşq planlarının hazırlanmasına sərf etdim. Açığı, çox boş vaxtım olmur.

Futbolçuların isə bir qədər daha çox boş vaxtı var. Məhz buna görə onların ailələrini də bura gətirdik. Futbolçuların ailələri ilə bir neçə saat vaxt keçirmələrini təmin etdik. Təxminən 2-3 saat çox xoş keçdi. Həmin müddətdə sabah meydanda nə edəcəyimizi heç düşünmədik. Məncə, bu yaxşı oldu”.


“Üçüncü qrup oyunlarının eyni vaxtda keçirilməsi vacibdir”

Qrup mərhələsinin vacib oyunlarının eyni vaxtda başlaması ilə bağlı suala cavab verən Montella deyib:

“Düşünürəm ki, bu, çox şeyi dəyişmir. Həm biz, həm də Paraqvay əvvəlki oyunda məğlub olmuşuq. Buna görə hər iki komanda bu matçı qazanmaq istəyəcək.

Amma bir məsələdə razıyam: qrupun üçüncü tur oyunlarının eyni vaxtda keçirilməsi vacibdir. İkinci turda bunun o qədər də əhəmiyyəti yoxdur, amma üçüncü turda vacibdir.

Həmçinin heç düşünmürəm ki, komandalar heç-heçə ilə razılaşsınlar. Çünki üçüncü oyunda nə baş verəcəyini əvvəlcədən bilmək mümkün deyil”.

“Mənim yerimdə olmaq istəyənlər var”

Vinçenzo Montella Avropa Çempionatı və Dünya Kubokunda milli komandaya rəhbərlik etməyin onun üçün böyük qürur mənbəyi olduğunu bildirib:

“Özümü çox xoşbəxt, şanslı və imtiyazlı hiss edirəm. Düşünürəm ki, mənim yerimdə olmaq istəyən insanlar da var. Bu mənə böyük həyəcan verir.

Avropa çempionatında da böyük gözləntilər və çox gözəl atmosfer var idi. Amma Dünya Kuboku daha böyükdür, çünki bütün dünyanı əhatə edir. Buna görə də hisslər daha da güclənir.

Bunlar unudulmaz təcrübələrdir. Bu anları yaşamaq insan üçün unudulmaz hissdir. Milli komandanı həm Avropa çempionatına, həm də Dünya Kubokuna çıxara bildiyim üçün qürur duyuram. Belə turnirlər mənim üçün daim böyük həyəcan mənbəyidir”.

“Türkiyədəki hər kəsi sevindirmək üçün əlimizdən gələni edəcəyik”

52 yaşlı mütəxəssis komandanın məqsədinin xalqı sevindirmək olduğunu vurğulayıb:

“Mübarizəmizi davam etdiririk. İnsanların arzularını gerçəkləşdirmək və onları qürurlandırmaq üçün çalışırıq.

Buna görə də oyunda əlimizdən gələn hər şeyi edəcəyik. Bütün enerjimizi və imkanlarımızı səfərbər edib ölkədəki hər kəsi sevindirməyə, komanda ilə fəxr etmələrini təmin etməyə və uğurlarımızı davam etdirməyə çalışacağıq.

Azarkeşlərin dəstəyini hiss etmək bu məqsədə çatmaq üçün çox vacibdir.”

“Bu qədər sərt tənqidlər gözləmirdim”

Montella Avstraliya məğlubiyyətindən sonra gələn reaksiyaların onu təəccübləndirdiyini deyib:

“Mən bütün futbolçularımı hərtərəfli hazırlamağa çalışıram. Xüsusilə onların psixoloji baxımdan hazır olmalarına diqqət yetirirəm. Çünki burada hər şey çox böyük miqyasda yaşanır.

Buna görə futbolçuların özlərini psixoloji olaraq güclü hiss etmələrini təmin etməyə çalışıram.

Sərt tənqidlər ola bilir. Amma əvvəlki oyundan sonra bu qədər sərt reaksiyalar olacağını gözləmirdim. Düşünürdüm ki, müəyyən tənqidlər olacaq, amma bu qədərini gözləmirdim”.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!