"Qarabağ" bu gün UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam təmsilçisi İslandiyada yerli "Vestri" komandası ilə üz-üzə gələcək.
Reykyavikdə yerləşən "Torfnesvöllur" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyunu Çexiyadan olan FIFA referisi Marek Radina idarə edəcək.
Komandalar arasında Bakıda keçirilən ilk görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə Ağdam klubuna cavab matçı öncəsi ciddi üstünlük qazandırıb.
"Qarabağ" iki oyunun nəticəsinə əsasən mərhələ adlayacağı təqdirdə, UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.