Portuqaliya milli futbol komandasının baş məşqçisi Jorje Jezuş bildirib ki, Kriştiano Ronaldo istədiyi vaxt yığmaya qayıda bilər.
Modern.az xəbər verir ki. Jezuş növbəti çağırışdan əvvəl onunla danışa biləcəklərini, amma qərarı Ronaldonun verəcəyini deyib:
“Milli komandadakı karyerasını necə başa vuracağına məhz o, qərar verməlidir. Mən komandaya yeni gələndə ona demişdim: Kriş, sən mənə lazımsan, oynasan da, oynamasan da yanımda olmalısan. İndi də eyni şeyi deyirəm”.
Uzun illər komandanın lideri və kapitanı olmuş Ronaldo meydanda olmadığı halda Portuqaliya Danimarkanı 4:2 hesabı ilə məğlub edib. Daha sonra bazar günü onun gedişindən sonra Norveçi də 2:1 hesabı ilə məğlub edərək A4 qrupunda mükəmməl nəticəsini qoruyub və vaxtından əvvəl Millətlər Liqasının 1/4 finalına vəsiqəni təmin edib.
“Qızıl top”un beşqat sahibi olan Ronaldo Portuqaliya millisində həm ən çox qol vuran, həm də ən çox oyun keçirən futbolçudur. 41 yaşlı hücumçunun milli komandada 234 oyunda 146 qolu var.
Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa da Ronaldonun hələ də komandanın əsas üzvlərindən biri olduğunu bildirib və baş verənləri komandanın daxilində həll edilməli olan anlaşılmazlıq adlandırıb:
“O, idman göstəricilərinə əsasən milli komandaya çağırılıb və bu, şübhə doğurmamalıdır. Kriştiano Ronaldonun haqqını verməliyik. O, böyük portuqaliyalı futbolçudur”.
Qeyd edək ki, Ronaldo Norveçlə oyunda ehtiyatda qaldıqdan və Danimarkaya qarşı oyundada start heyətində yer almayacağını öyrəndikdən sonra komandanın düşərgəsini tərk edib. Daha sonra o, milli komandadan ayrılmasının səbəblərini “uyğun vaxtda” açıqlayacağını bildirib.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda da Ronaldonu çalışdırmış Jezuş hesab edir ki, hücumçu qayıtmaq qərarına gəlsə, artıq növbəti beynəlxalq oyunlar pəncərəsində milli komandanın sərəncamında ola bilər.
Portuqaliyanın növbəti oyunu noyabrın 14-də doğma meydanda Danimarkaya qarşı olacaq. Üç gün sonra isə komanda səfərdə Uelslə qarşılaşacaq.