İspaniyanın “Real Madrid” klubu türkiyəli futbolçu Arda Gülərlə müqavilənin müddətini uzadıb.
Modern.az xəbər verir ki, klubun rəsmi açıqlamasında tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəldiyi və 21 yaşlı futbolçunun 2032-ci il iyunun 30-dək Madrid təmsilçisində çıxış edəcəyi bildirilib.
Açıqlamada Arda Gülərin 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə transfer olunduğu xatırladılıb.
Qeyd olunub ki, türkiyəli futbolçu İspaniya klubunun heyətində keçirdiyi dörd mövsüm ərzində 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Bunlar UEFA Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İspaniya La Liqası və İspaniya Superkubokudur.
Yeni müqavilənin maliyyə şərtləri, o cümlədən futbolçunun dəqiq maaşı açıqlanmayıb. Bununla belə, İspaniya mətbuatının məlumatına görə, yeni anlaşma çərçivəsində yarımmüdafiəçinin əməkhaqqının artırılması nəzərdə tutulub. Qeyri-rəsmi məlumatlarda Arda Gülərin illik məvacibinin 8 milyon avroya çatdırılacağı bildirilir.