Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə silsilə regional müşavirələr keçirilir.
Modern.az xəbər verir ki, müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında təşkil olunan tədbirlərdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edirlər.
Müşavirələrdə Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə tətbiqi nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi tədbirləri müzakirə olunur.
Qeyd olunur ki, görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıqların icrası, həmçinin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, operativ və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Dövlət Proqramının icrasına həsr olunan regional müşavirələrin gələcək mərhələlərdə ölkənin digər iqtisadi rayonlarında da keçirilməsi nəzərdə tutulur.