Ötən ilin maliyyə sənədi gəlirlərin həm proqnoza, həm də əvvəlki ilə nisbətən artması ilə xarakterizə olunur.
Modern.az xəbər verir ki, bunu 2025-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin Milli Məclisin Plenar iclasında təqdimatı zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov açıqlayıb.
"2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 mlrd. manat olmaqla, proqnoza qarşı 2,2 faiz, 2024-cü illə müqayisədə isə 5,4 faiz çox icra edilmişdir".
Komitə sədri ötən ildə sosialyönümlü xərclərin büdcə məxaricində 40 faizə kimi yüksək paya malik olduğunu diqqətə çatdırıb.
"Ötən ildə icra edilmiş dövlət büdcəsinin çox mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorundan daxilolmaların proqnoza nisbətən 1,6 faiz, 2024-cü ilə nisbətən 3,9 faiz artmasıdır. Artıq ötən ilin büdcə gəlirlərində qeyri-neft daxilolmalarının payı 52 faizə yüksəlmişdir".
Azər Əmiraslanov qeyd edib ki, makroiqtisadi sabitlik əsasən üç sütun üzərində bərqərar olur.
"Onlardan birincisi fiskal dayanıqlıq, ikincisi maliyyə sabitliyi, üçüncüsü isə iqtisadi artımdır. Büdcə xərclərinin təsdiq olunmuş göstəricidən 6,8% az icra edilməsi, xüsusilə də bəzi xərclərin optimallaşdırılması, dövlət investisiyalarının daha az maliyyələşdirilməsi bir tərəfdən sərmayə layihələrinin və proqramların icra tempini aşağı sala bilər, digər tərəfdən də fiskal stimulların iqtisadi artıma və fəallığa təsirini zəiflədə bilər".