Azərbaycanda hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsində formalaşan meyllərin qiymətləndirilməsi bu ilin sonunda aparılacaq.
Modern.az xəbər veri ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, hazırda hibrid və elektrik avtomobillərinin idxalında azalma müşahidə olunsa da, bu tendensiyanın davamlı olub-olmayacağını indidən söyləmək mümkün deyil: "2025-ci ildə Azərbaycana 68 mindən çox hibrid avtomobil idxal edilib. Həmin dövrdə istehsal tarixi 3 ili keçməyən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən az olan avtomobillərə müəyyən güzəştlər tətbiq olunurdu. Ötən il ölkəyə təxminən 2 min elektrik avtomobili gətirilib. Cari ilin ilk beş ayında isə onların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb. Bunun əsas səbəbi güzəştlərin başa çatmasıdır. Eyni zamanda, ötən il vətəndaşlar güzəşt müddətindən istifadə edərək ehtiyacları çərçivəsində kifayət qədər avtomobil idxal etmişdilər".
Ş.Bağırov qeyd edib ki, avtomobillərin sayının təxminən iki dəfə azalmasına baxmayaraq, cari ilin ilk beş ayında bu kateqoriya üzrə 12 milyon manatdan çox gömrük ödənişi toplanıb: "Növbəti mərhələdə idxal yenidən arta bilər. Lakin hazırda bu avtomobillərin idxalının hansı dinamika ilə dəyişəcəyini dəqiq söyləmək mümkün deyil".
Yeni imtiyazların tətbiqi məsələsinə aydınlıq gətirən DGK sədri qeyd edib ki, "ilin sonunda bu məsələyə yenidən baxaraq daha aydın mənzərəni ortaya qoyacağıq".