Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.
Qərardan sonra bank sektorunun dayanıqlığı, digər bankların maliyyə vəziyyəti və yaxın perspektivdə oxşar qərarların verilməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Bəs hazırda risk qrupunda olan, fəaliyyəti ilə bağlı narahatlıq doğuran digər banklar varmı?
Mövzu ilə bağlı Modern.az-a danışan hüquqşünas-iqtisadçı Əkrəm Həsənov bildirib ki, hər hansı bankın adını risk qrupunda olan və ya bağlanmaq ehtimalı yüksək maliyyə qurumu kimi açıqlamaq düzgün yanaşma deyil.
Onun sözlərinə görə, bu cür açıqlamalar cəmiyyətdə əsassız narahatlıq və panikaya səbəb ola bilər:
“Əgər hansısa bankla bağlı müəyyən məlumatım olsa belə, onun adını çəkməyim doğru olmazdı. Çünki bu, əmanətçilər arasında panika yarada bilər. Digər tərəfdən, bankın müəyyən problemlə üzləşməsi onun mütləq bağlanacağı anlamına gəlmir. Belə hallarda səhmdarların dəstəyi ilə mövcud çətinlik aradan qaldırıla və bankın fəaliyyəti bərpa oluna bilər”.
Ə.Həsənov hesab edir ki, BTB Bankın vəziyyəti digər banklardan fərqlənirdi:
“BTB Bank məsələsini bir qədər fərqli qiymətləndirirəm. Bu bankın Ramiz Mehdiyevin ailəsinə məxsus olduğu deyilirdi. Ramiz Mehdiyev ətrafında baş verən proseslər fonunda banka ictimai etimad zəiflədi. Mən deyə bilmərəm ki, bankın ciddi maliyyə problemləri var idi və qərar məhz buna görə qəbul edildi. Burada əsas amil konkret şəxslə bağlı yaranmış vəziyyət və bunun banka olan etimada təsiri idi. Nəticədə bank bank olmayan kredit təşkilatına çevrildi. Əmanətlər və müştəri hesabları isə digər banklara köçürüldü”.
İqtisadçı bildirib ki, hazırda oxşar vəziyyətdə olan başqa bank müşahidə edilmir. Bununla belə, o, müəyyən müzakirələrdə “TuranBank”ın adının hallandırıldığını qeyd edib:
“Müəyyən mənada "TuranBank"ın adı hallandırılır. Uzun illər mətbuatda bankın faktiki sahibinin Məmməd Musayev olduğu barədə məlumatlar dərc olunurdu. Hazırda da onun ətrafında baş verən proseslər, o cümlədən barəsində cinayət işi açılması ilə bağlı xəbərlər yayılır”.
Ə.Həsənovun sözlərinə görə, bununla belə, mövcud vəziyyəti BTB Bankla eyniləşdirmək doğru olmaz:
“Burada müəyyən oxşarlıqlar olsa da, vəziyyət Ramiz Mehdiyev ətrafında baş verən proseslərlə müqayisə olunacaq səviyyədə deyil”.
Hüquqşünas həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda hər hansı bankın sırf maliyyə dayanıqsızlığı səbəbindən bağlanacağını söyləmək üçün əsas yoxdur:
“Bu gün nə BTB Bankın, nə TuranBankın, nə də digər bankların ciddi maliyyə problemlərinin olduğunu demək mümkündür. Mənim qənaətimə görə, hazırda Azərbaycanda maliyyə dayanıqsızlığı səbəbindən bağlanmaq riski ilə üzləşən bank yoxdur”.