Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Modern.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Təkcə iyulda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 15,8 % çox - 384,8 milyon ABŞ dolları olub.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 123 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 26 % artaraq 261,8 milyon ABŞ dolları olub.
Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 2,6 dəfə, pambıq ipliyin ixrac dəyəri 81,9 %, bitki-heyvan mənşəli piy və yağların ixrac dəyəri 39,5 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 39,4 %, pambıq lifinin ixrac dəyəri 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 23,3 %, çayın ixrac dəyəri 19,5 %, meyvə-tərəvəzin ixrac dəyəri 16,4 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri isə 3 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 22,1 % artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 24,8 % artaraq 223,1 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 22,8 % artaraq 896,4 milyon ABŞ dolları təşkil edib.