Modern.az

Yüz minlərlə manat kartdan-karta köçürülürsə... - AÇIQLAMA

Yüz minlərlə manat kartdan-karta köçürülürsə... - AÇIQLAMA

İqtisadiyyat

Bu gün, 11:00

Bank kartlarına tətbiq olunan yeni limitlər və onların vətəndaşların gündəlik xərclərinə təsiri müzakirə mövzusuna çevrilib. Yeni qaydaların əsasən kartlar vasitəsilə həyata keçirilən əməliyyatların həcminə və müəyyən maliyyə əməliyyatlarına nəzarəti gücləndirməyə yönəldiyi bildirilir. Bununla yanaşı, limitlərin tətbiqinin kart sahiblərinin gündəlik alış-veriş və digər ödənişlərinə necə təsir edəcəyi sual doğurur.

Mütəxəssislər bildirirlər ki, limitin tətbiqi kartla edilən xərclərin sistemdə görünməməsi anlamına gəlmir. Kart əməliyyatları bank sistemində qeydə alınmaqda davam edir, dəyişən əsas məqam isə müəyyən əməliyyatlar üzrə icazə verilən məbləğ ola bilər. Bu səbəbdən vətəndaşların konkret kartlarına hansı limitlərin tətbiq edildiyini və bunun alış-veriş, köçürmə və nağdlaşdırma imkanlarına necə təsir etdiyini banklarından dəqiqləşdirməsi tövsiyə olunur.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlama verib:

"Xeyr, hər hansı bir dəyişiklik olmayacaq. Bank kartları ilə ödənişlərə heç bir limit qoyulmayıb. Vətəndaş öz kartından əvvəlki qaydada istədiyi həcmdə və məbləğdə, istənilən sayda ödəniş edə bilər.
Burada limit yalnız mədaxil əməliyyatlarına və kifayət qədər böyük məbləğlərə tətbiq olunur. Bu, vergidən yayınmaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə kartlardan istifadə hallarının qarşısının alınması baxımından normal və müsbət addımdır. Amma vətəndaş üçün hər hansı məhdudiyyət və ya problem yoxdur və olmayacaq. Kimsə populist vədlər verib desə ki, vətəndaşlar kartlardan istifadə etməyəcək, nağd ödənişlərə qayıdacaq, bu, tamamilə əsassız və reallıqdan uzaq iddiadır. Təəssüf ki, cəmiyyətdə hər mövzuya populist yanaşan, reallığı nəzərə almadan fikir bildirməyə çalışan insanlar var. Sonradan dediklərinin heç biri reallığa çevrilməsə də, utanmadan həmin fikirləri yenidən gündəmə gətirməyə davam edirlər".

O qeyd edib ki, vətəndaş kartından ödənişi necə edirdisə, bundan sonra da eyni qaydada edəcək. Sadəcə, burada bir məqamı düzgün başa düşmək lazımdır: kartdan-karta köçürmə mahiyyət etibarilə nağdsız ödəniş hesab olunmur.

"Bu üsul şəxsi ödəniş və pul göndərişləri üçün istifadə oluna bilər. Bir vətəndaşın gündə bir neçə dəfə, ay ərzində müəyyən məbləğdə kartdan-karta pul göndərməsi ilə yüz minlərlə manatlıq vəsaitin bu üsulla dövriyyədən keçirilməsi eyni məsələ deyil. Azərbaycanda orta aylıq gəlir səviyyəsi və vətəndaşların sosial vəziyyəti bəllidir. Əgər kimsə öz biznesini bu istiqamətdə qurur və yüz minlərlə manatlıq dövriyyəni kartdan-karta köçürmələrlə həyata keçirirsə, o zaman bankda cari hesab açıb fəaliyyətini qanuni və şəffaf şəkildə həyata keçirməlidir" - iqtisadçı deyib.

 

Nicat Rüstəm
 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür