Donald Tramp açıq şəkildə Zelenskiyə Rusiya daxilindəki dizel yanacağı obyektlərinə və neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb. Tramp “başqa hədəflər var, dizel yanacağına toxunmayın”, məzmununda danışıb və bunun qlobal yanacaq bazarına təsir etdiyini bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlama verib:
“Hazırda Brent markalı neftin qiyməti artmaqda davam edir və bir barel üçün 107 dollar təklif olunur. Bu, neftin dünya bazar qiymətinin 100 dollarlıq psixoloji həddi keçdiyini göstərir. Artıq bir müddətdir ki, qiymətlər məhz bu həddin üzərindədir. Sözsüz ki, bunun əsas səbəblərindən biri İran ətrafında baş verənlər və Hörmüz boğazında yaranmış çətinliklərdir. Çünki Hörmüz boğazında baş verənlər birbaşa neft bazarına, neftin təchizatına və təklifinə təsir göstərir”.
Vüqar Bayramov bildirib ki, bu kontekstdə Hörmüz boğazında yaranan vəziyyətin neft bazarına təsirləri daha ciddi xarakter daşıyır və bu təsirlər artıq müşahidə olunur. Onun sözlərinə görə, Rusiya da dünyanın ən çox neft hasil edən üç ölkəsindən biridir. İxracatının məhdudlaşdırılmasına baxmayaraq, Rusiya neftinin hələ də müəyyən bazarları mövcuddur. Rusiyada daxili tələbatın artması isə öz növbəsində qlobal neft təklifinə təsir göstərə və dünya bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, Rusiyada dizel yanacağı və yanacaqdoldurma məntəqələrinə edilən hücumların qlobal neft bazarına təsiri Hörmüz boğazında yaranan vəziyyət qədər böyük deyil. Bununla belə, Rusiya böyük neft istehsalçısı, ixracatçısı və eyni zamanda istehlakçısı olduğundan, bu ölkədə neft hasilatı, emalı və daxili tələbatla bağlı dəyişikliklər dünya neft bazarına təsirsiz ötüşmür.
“Azərbaycan regionda sabitliyin təmin olunmasında maraqlıdır. O cümlədən, qonşu ölkələrlə stabil və dayanıqlı münasibətlərin qorunması ölkəmiz üçün vacibdir. Bununla yanaşı, dünya bazarında neftin qiymətinin artması Azərbaycana daxil olan valyuta gəlirlərinə də müsbət təsir göstərir. Son dövrlərdə həm Dövlət Neft Fondunun gəlirlərinin artmasını, həm də ölkəyə daha çox valyutanın daxil olmasını müşahidə edirik. Bu baxımdan, yüksək neft qiymətləri Azərbaycan üçün daha çox valyuta gəlirləri deməkdir”, - deyə deputat bildirib.
Nicat Rüstəm