Modern.az

Keçmiş deputatlar nə işlə məşğuldurlar? (III hissə)

Keçmiş deputatlar nə işlə məşğuldurlar? (III hissə)

4 Noyabr 2009, 14:56

İkinci Çağırış Milli Məclisin deputatları olmuş şəxslərin hazırda nə işlə məşğul olmaları maraq doğurur. Qeyd edək ki, 2005-ci il parlament seçkilərində İkinci Çağırış zamanı deputat olmuş şəxslərin əksəriyyəti yenidən namizədliklərini irəli sürmüşdülər. Amma onların təxminən yarısı yeni mandat qazana bilmədi. Onlar indi haradadırlar, nə işlə məşğuldurlar? Modern.az saytı bu istiqamətdə araşdırmalar apararaq 27 sabiq millət vəkili barədə məlumatları ötən günlərdə oxuculara təqdim edib. Axtarışlarımız nəticəsində digər sabiqlər barədə də bəzi bilgilər toplaya bilmişik.

 

2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş Şahlar Əsgərov 45 saylı Tərtər–Kəlbəcər seçki dairəsini təmsil edirdi. Onun 2005-ci ildə növbəti dəfə millət vəkili seçilmək niyyəti gerçəkləşmədi. Şahlar Əsgərov hazırda BDU-da müəllim işləyir.

Parlamentin ötən çağrışında iqtisadi siyasət daimi komissiyasının rəhbərliyində təmsil olunan Səttar Səfərov da III Çağırış Milli Məclisdən kənarda qalan sabiqlərdəndir. Araşdırma nəticəsində onun hazırda elmi fəaliyyətlə məşğul olduğunu dəqiqləşdirdik.

51 saylı Ağsu – Kürdəmir seçki dairəsindən sabiq deputat Hidayət Qulamovu yəqin ki, çoxları tanımır. Bu keçmiş parlamentari hələ ki işsizdir.

Modern-az-a məlum olub ki, 53 saylı Astara seçki dairəsinin keçmiş deputatı İsgəndər Quliyev də bəzi sabiq həmkarları kimi elmı fəaliyyətlə məşğuldur. II Çağırış Milli Məclisdə Beyləqan rayonunu təmsil etmiş keçmiş millət vəkili Novruz Quliyev deputatlıq missyasını başa vurduqdan sonra işsiz qalmadı. O, hazırda ekologiya və təbii sərvətlər nazirinin müavinidir.

63 saylı Quba seçki dairəsindən sabiq deputat Hüseynağa Baxışovun hazırda elə doğma rayonda yaşadığını dəqiqləşdirə bildik. Saytımıza verilən məlumata görə, parlamentin keçmiş üzvü Qubada peşə məktəbinin direktorudur.

 

67 saylı Zərdab – İmişli seçki dairəsindən sabiq YAP-çı deputat Səyyad Salahlını (Aran) ictimaiyyət yaxşı tanıyır. O, hazırda Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki konsuludur.

2000-2005-ci illərdə 68 saylı İmişli seçki dairəsini Milli Məclisdə təmsil etmiş Famil Məmmədov indi Texniki Universitetin prorektorudur.

II Çağırış Milli Məclisdə 70 saylı Yardımlı – Masallı seçki dairəsinin sabiq deputatı olmuş Tapdıq Kamalov indi tədaüdçüdür.

71 saylı Laçın – Kəlbəcər seçki dairəsindən keçmiş millət vəkili Elbrus Təhməzovun dövlət işlərində işləmədiyi bildirilir.

2000-2005-ci illərdə Kürdəmirdən deputat seçilən Rizvan Cəbiyev də III çağırış Milli Məclisə düşə bilməyən sabiqlər sırasındadır. O, hazırda elmi fəaliyyətlə məşğuldur. R.Cəbiyev bir müddət öncə İctimai Televiziyada “Media haqqında hər şey” adlı telelayihə də açıb.

Sabiq deputat, sabiq AXCP-çi Nizami Quliyevin şəkillərini  əvvəllər qəzetlərin səhifəsində tez-tez görmək olardı. Amma həm deputatlıq fəaliyyəti başa çatan, həm də siyasətdən gedən N.Quliyev son vaxtlar gözə dəymir. Bizim aldığımız məlumata görə, o, işsizdir.

Yazıçılar Birliyinin sədri Anar Rzayev ötən çağırışda ədəbi fəaliyyətilə yanaşı, bitərəf deputat kimi 75 saylı Göyçay seçki dairəsini də parlamentdə təmsil edirdi. 2000-ci ildə majoritar qaydada 82 saylı Sabirabad seçki dairəsindən deputat seçilmiş  Rəfael Qafarov 2005-ci ildə millət vəkili kimi missiyasını başa vursa da, indi də Milli Məclisdə oturur. Amma o, parlamentə deputat kimi deyil, Mili Məclisdə Həmkarların sədri olaraq gəlib-gedir.

94 saylı Hacıqabul – Salyan seçki dairəsini 2000-2005-ci illərdə Milli Məclisdə təmsil edən Oqtay Səmədov deputatlıq fəaliyyəti başa çatandan sonra Müəllif Hüquqları Agentliyinin sədr müavini postuna təyinat aldı. Çoxları elə bilir ki, O.Səmədov hələ də bu agentlikdə yüksək post tutur. Amma Modern.az-a məlum olub ki, sabiq deputat bir müddət öncə Müəllif Hüquqları Agentliyindən işdən çıxıb. Hazırda o, Bakıdakı orta məktəblərdən birinin direktorudur.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır