Modern.az

Rusiyanın məmur övladlarının Qərblə əlaqəsi - İtaliya, Macarıstan, Fransa…

Rusiyanın məmur övladlarının Qərblə əlaqəsi - İtaliya, Macarıstan, Fransa…

Reportaj

Bu gün, 15:49

Rusiya ilə Qərb arasında münasibətlər son illərdə görünməmiş dərəcədə gərginləşib. Moskva rəsmiləri Qərbin siyasətini, sanksiyalarını və Rusiyaya qarşı təzyiqləri kəskin tənqid edirlər. Ancaq maraqlıdır ki, Rusiya hakimiyyətinin yüksək eşelonlarında təmsil olunan bəzi şəxslərin övladlarının həyatında Avropa və digər Qərb ölkələri xüsusi yer tutur. Belə məmurların ailələrinin Qərb ölkələri ilə əlaqələri tamamilə kəsilməyib və indi də davam edir.

Modern.az saytı Rusiyanın məmur övladlarının Qərb ölkələrilə əlaqələrini xarici mətbuatda dərc olunan məlumatlar əsasında araşdırıb.

Açıq mənbələr, jurnalist araşdırmaları, sızdırılmış məlumatlar və Avropa ölkələrinin rəsmi sənədləri Rusiya elitasının bəzi övladlarının xaricdə yaşadığını, bəzilərinin orada təhsil aldığını, digərlərinin isə daşınmaz əmlak, biznes, yaşayış icazəsi və ya müntəzəm səfərlərlə Qərblə əlaqələrini saxladığını göstərir.

Matviyenkonun oğlu İtaliyada yaşayır

Araşdırmanın ən diqqətçəkən nümunələrindən biri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun oğlu Sergey Matviyenkodur.

2025-ci ildə yayımlanan araşdırmaya əsasən, Sergey Matviyenko İtaliyanın Adriatik sahilində yerləşən Pesaro şəhərində yaşayır. “The Insider” nəşri tərəfindən yayımlanan materiallarda onun həyat yoldaşı ilə birlikdə şəhərdəki villada yaşadığı bildirilir.

Məsələ təkcə yaşayışla məhdudlaşmır. Araşdırmalarda sözügedən villanın çox bahalı daşınmaz əmlak olduğu, onun əvvəlcə Matviyenko ailəsi ilə əlaqəli olduğu və sonradan İtaliyada qeydiyyatdan keçmiş strukturun üzərinə keçirildiyi bildirilir.

Sergey Matviyenkonun İtaliyada vergi nömrəsi və biznes əlaqələrinin olduğu da araşdırmalarda qeyd edilir.

Bu fakt o qədər diqqət çəkib ki, 2025-ci ildə Avropa Parlamentində də Sergey Matviyenkonun İtaliyada yaşaması ilə bağlı məsələ qaldırılıb.

FTB rəhbərinin müavini - uşaqlar Avropada təhsil alıb

Xüsusi xidmət orqanlarının rəhbərləri arasında daha maraqlı nümunə Federal Təhqiqat Bürosunun (FTB) direktorunun müavini, general Sergey Korolyovla bağlıdır.

Araşdırmalara görə, Korolyovun qızı Anastasiya və oğlu Boris xaricdə təhsil proqramlarında iştirak ediblər.

Anastasiya 2014-cü ildə Londondakı məşhur Harrow School-da keçirilən “The Pilgrims Course” proqramında iştirak edib. Daha sonra o, 2016 və 2018-ci illərdə İsveçrədəki TASIS məktəbinin yay proqramlarına qatılıb. Oğlu Boris də Londondakı dil kurslarında olub.

Korolyovun uşaqlarının hazırda Avropada daimi yaşadığı göstərilməsə də, söhbət xaricdə nüfuzlu və bahalı təhsil proqramlarından gedir.

Narışkinin oğlu Macarıstanda rezident olub

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin ailəsi isə Avropa ilə əlaqələr baxımından daha maraqlı nümunədir.

Onun oğlu Andrey Narışkin Macarıstanda yaşayış icazəsi əldə edib və Budapeştdə rəsmi yaşayış ünvanı olub.

Xarici KİV-in araşdırmasına görə, bu ünvan Macarıstan hakimiyyətinə yaxın biznes dairələri ilə əlaqəli daşınmaz əmlakda yerləşib. Andrey Narışkinin Macarıstanın “qızıl viza” proqramından istifadə etdiyi də araşdırılıb.

Macarıstan tərəfinin açıqlamalarına görə, Narışkin və ailəsi ölkədə faktiki olaraq uzun müddət yaşamayıb. Araşdırmalarda onun 2019-cu ildən sonra Macarıstanda olmadığı barədə məlumatlar da yer alır.

Bununla yanaşı, Narışkinin qızı Veronikanın da xarici ölkələrə səyahətləri barədə geniş məlumatlar yayılıb. “The Insider” nəşri Moskvada yaşayan Veronikanın müxtəlif vaxtlarda İtaliya, Yunanıstan, Bali, Dubay və Seyşel adalarına səfər etdiyini açıqlayıb.

Peskovun ailəsi – Parislə əlaqə

Kremlin sözçüsü Dmitri Peskovun ailəsi də Qərblə əlaqələri ən çox diqqət çəkən ailələrdəndir.

Peskovun qızı Yelizaveta Peskova uzun müddət Fransada yaşayıb və təhsil alıb. Polşa Beynəlxalq Münasibətlər İnstitutunun “Kremlin Kids” araşdırmasında onun illərlə Fransada yaşadığı və ölkəni tərk etmək niyyətində olmadığını bildirdiyi qeyd olunur.

Peskovun övladlarından Denis Peskovun da Parisdə yaşadığı barədə açıq mənbələrdə məlumatlar var.

Yelizaveta Peskovanın Fransadakı fəaliyyəti də diqqət çəkib. O, Avropa Parlamentində fransalı deputat Aymerik Şopradın ofisində təcrübə keçib.

Bu ailənin Fransa ilə əlaqələri yalnız təhsil və yaşayışla məhdudlaşmayıb. Peskovun keçmiş həyat yoldaşı Yekaterina Solotsinskayanın Fransada daşınmaz əmlakı olub və həmin aktivlər sonrakı illərdə sanksiya və hüquqi araşdırmaların mövzusuna çevrilib.

Mişustinin oğulları İsveçrənin bahalı məktəbində...

Rusiya hökumətinin başçısı Mixail Mişustinin oğulları Aleksey və Aleksandrın xaricdə təhsil alması da uzun müddətdir məlumdur.

Onlar İsveçrənin məşhur Institut Le Rosey internat məktəbində təhsil alıblar. Bu məktəbdə təhsil haqqının illik 100 min dollardan artıq olduğu barədə məlumatlar yayılıb.

Lakin Mişustinin oğullarının hazırda İsveçrədə yaşadığını söyləmək üçün etibarlı məlumat yoxdur.

Bununla belə, Aleksandr Mişustinin diplomatik pasport alması ayrıca maraq doğurub. “The Insider”in araşdırmasına görə, o, atasının baş nazir təyin olunmasından bir neçə gün sonra, 2020-ci ilin yanvarında diplomatik pasport əldə edib. Həmin vaxt Aleksandrın 19 yaşı olub.

Maliyyə nazirinin ögey qızı Britaniyada təhsil alıb

Rusiyanın maliyyə naziri Anton Siluanovun ailəsində də Qərb təhsili nümunəsi var.

“The Insider”in araşdırmasına görə, Siluanovun ögey qızı Darya Belousova Böyük Britaniyada Kingston University-də təhsil alıb. Daha sonra Rusiyada dövlət bankında çalışıb.

Baş nazir müavini Marat Xusnullin oğlu Avropada...

Rusiya baş nazirinin müavini Marat Xusnullinin oğlu Albert Xusnullin də əvvəllər xarici səfərləri ilə diqqət çəkib.

“The Insider” onun Cenevrə, Dubay, İbiza, Kipr, Yunanıstan, Nitsa və Stokholma səfərlərini araşdırıb. Eyni mənbəyə görə, Albert Xusnullinin Tatarıstanda kənd təsərrüfatı biznesləri, o cümlədən böyük aktivlərə malik şirkətdə payı olub.

Baş nazirin daha bir müavini Novak - qızı İspaniyada oxuyub

Rusiya hökumətində yüksək vəzifə tutan digər şəxslərdən biri baş nazirin müavini Aleksandr Novakdır.

Onun qızı Alina Novak İspaniyada təhsil alıb. “The Insider” onun Barselonadakı ESADE biznes məktəbində oxuduğunu və bir müddət İspaniyada yaşadığını yazıb.

Amma onun hazırda İspaniyada yaşadığı barədə etibarlı məlumat yoxdur.

Ədliyyə nazirinin qızı Londonda təhsil alıb

Rusiya ədliyyə naziri Konstantin Çuyçenkonun qızı da Böyük Britaniyada təhsil alan məmur övladları sırasında göstərilir.

“The Insider”in məlumatına görə, o, Londondakı Goldsmiths, University of London-da təhsil alıb.

Amma onun da hazırda Britaniyada yaşaması barədə məlumat yoxdur.

Lavrovun qızı ABŞ və Britaniyada böyüyüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurovanın həyatının böyük hissəsi Qərblə bağlı olub.

O, Nyu-Yorkda doğulub, ABŞ-da məktəbdə oxuyub, daha sonra Columbia University-də təhsil alıb. Ardınca Londonda magistr təhsilinə yiyələnib.

Lakin onun da sonrakı fəaliyyəti Rusiya ilə əlaqəlidir və hazırda ABŞ və ya Britaniyada daimi yaşaması təsdiqlənmir.

Milli Qvardiyanın rəhbərnin nəvəsi Britaniyada oxuyub

Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotovun ailəsində isə Böyük Britaniya ilə bağlı təhsil nümunəsi var.

General Zolotov özü hələ 2018-ci ildə nəvəsinin Böyük Britaniyada təhsil aldığını bildirmişdi. O zaman onun sözlərinə görə, nəvəsi Britaniyada üç il təhsil alacaq və daha sonra Rusiyaya qayıdacaqdı.

Regional elita: Avstriya və Fransada yaşayan məmur övladları

Maraqlıdır ki, xaricdə yaşayan yüksək vəzifəli rusiyalı məmur övladlarının ən aydın nümunələri yalnız Moskvanın federal hakimiyyətində deyil, regional rəhbərlikdə də mövcuddur.

“The Moscow Times” 2025-ci ildə regional elitaların ailə üzvlərinin Qərbdə həyatını araşdırıb.

Məsələn, Başqırdıstan rəhbəri Radiy Xabirovun qızı Svetlana Qradvolun uzun illərdir Avstriyada yaşadığı, Vyana İqtisadiyyat və Biznes Universitetini bitirdiyi, avstriyalı maliyyə mütəxəssisi ilə ailə qurduğu və Vyanada foto-studiya işlətdiyi bildirilir.

Xabirovun digər qızı Rita Xabirova isə King's College London-u bitirib və Londonda işləyir.

Digər nümunə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun qızı Yuliya Riçarddır. “The Moscow Times” onun illərdir Fransada yaşadığını, fransız həyat yoldaşı ilə birlikdə biznes və daşınmaz əmlak əlaqələrinin olduğunu yazır.

Rusiya elitasının “Qərb paradoksu”

Beləliklə, Rusiya hakimiyyətinin ailə coğrafiyası ölkənin siyasi ritorikasından daha mürəkkəb görünür.

Moskva Qərblə qarşıdurmanı dövlət siyasətinin əsas elementlərindən birinə çevirib. Buna baxmayaraq, bəzi yüksək vəzifəli şəxslərin övladları Avropanın ən bahalı məktəblərində oxuyub, Fransa və İtaliyada yaşayıb, Macarıstanda rezidentlik əldə edib və ya Avropa ölkələrində biznes əlaqələri qurub. Əlaqələr bu gün də davam etməkdədir...

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada