Modern.az

Vaqif Bayatlı: “Qəddafiylə danışıqlara məni aparmalıdırlar, mən onu inandıra bilərdim”

Vaqif Bayatlı: “Qəddafiylə danışıqlara məni aparmalıdırlar, mən onu inandıra bilərdim”

21 Mart 2011, 17:03

Azərbaycanın tanınmış şairi Vaqif Bayatlı Odər “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanda və dünyada cərəyan edən hadisələr barədə fikirlərini bildirib. Modern.az saytı şairin müsahibəsini təqdim edir.

  - Ən böyük arzum budur ki, işğal altındakı torpaqlarımız azad olsun. Ümumiyyətlə, bütün dünyada işğal altındakı torpaqlar azad olsun. Zülm altında inləyən xalqlar azad nəfəs alsınlar. O cümlədən bizimkilər də, bizim Güney Azərbaycanda yaşayan bacı-qardaşlarımız da, İraqda yaşayan türkmən bacı-qardaşlarımız da. Ümumiyyətlə, bütün dünyadakı insanlarımızın hamısı. Sevgiyə inanan, Allaha inanan bütün insanların xoşbəxt olmağını, azad olmağını arzulayıram. Mənim dünya missiyam ancaq insanları bir-birinə sevdirməkdir. Hər şeyi sevgiylə oyatmaq, hər şeyə sevgiylə yanaşmaq. Hətta dövlət rəhbərləri də, ən qəddar insanlar da sevgiylə yanaşanda, müəyyən uğur qazana bilirlər. - Bu günlərdə dünyanın gözü Liviyada baş verənlərə dikilib. Qəddafiylə görüşsəydiz, onu hakimiyyətdən getməyə inandıra bilərdizmi? Sizin sevgi fəlsəfəniz onun yanında işləyərdimi? - Mən onun İslam sosializmi və başqa konsepsiyaları ilə tanışam. Amma insan bu qədər hakimiyyətdə qala bilməz axı. Bu qədər qəddar ola bilməz axı. Öz insanlarını qırdı, qırdırdı... Təbii ki, ona məsləhət görərdim istefa versin. Bax, bu dəqiqə dövlət adamlarını yox, mənim kimi adamları yığıb Qəddafiylə danışıqlar təşkil etmək olardı. Mən onu inandıra bilərdim şəxsən, yəni müqavimət bəsdir, insanları qırdırmaq olmaz bu qədər. Qoyun insanlar normal, demokratik rejimdə yaşasınlar, rahat nəfəs alsınlar. Sənin xalqın özü də səni istəmir axı. - Vaqif müəllim, Azərbaycanda hökumət korrupsiyaya qarşı mübarizəyə başlayıb. Bunu necə qiymətləndirirsiz? - Birincisi, buna çox gec başlayıblar. Korrupsiya dərin kök salıb. O qədər dərin kök salıb ki, çətindir o korrupsioner adamları... İndi mən bilmirəm bunların əlində hansı sehrli çubuq var ki, buna nail olsunlar. Amma çox arzu edərdim ki, buna nail olsunlar. Yeni silah icad etməyə də ehtiyac yoxdur. Bir yolu var bunun – demokratiya. Demokratik seçkilərin keçirilməsi, sağlam düşüncəli adamların hakimiyyətə gəlməsi, məhkəmə sisteminin oturuşması, dünyaya, millətinə xeyirxahlıqla yanaşan, öz millətini sevən insanların vəzifələrdə oturması. İkincisi, xalqın hər bir insanının öz hüquqlarını anlaması, öz hüquqları uğrunda mübarizə aparması lazımdır. Və mən bunu arzulayıram. - Amma siz dediz ki, mübarizəyə gec başlayıblar. Sizcə, nə qədər əvvəl buna başlamaq lazımıydı? - Dövlətimiz yaranan gündən. Hələlik iyirmi il gecikmişik. - Nəticə gözləmək olarmı? - Mən bayaq dediyim kimi, demokratik seçkilər keçirilməlidir. İnanıram ki, hakimiyyət yox, xalqımız buna nail olacaq. Xalqımız dünyanın ən demokratik, ən dözümlü, tolerant xalqlarından biridir. Və hər şeyə sevgiylə yanaşan xalqdır. O prezident ki, Azərbaycanda əmin-amanlığı təmin edəcək, bu xalq təmiz, gözəl həyatın başlanğıcı kimi onun hakimiyyətə gəldiyi günü, bəlkə də onun ad gününü qeyd edəcək. Bunu hər bir Azərbaycan vətəndaşına arzulayıram. Arzu edirəm ki, həmin insan hər bir Azərbaycan vətəndaşı olsun. - Son zamanlar gənclər fəallaşıblar. Onların bu fəallığını, çapalarını necə qiymətləndirirsiz? - Onların çapaları məni sevindirir. Gənclərimizə mən həmişə inanmışam. Özümü də gənc sayıram. Yaşımın dəxli yoxdur. Yüz yaşımda da Azərbaycanın ən gənci sayacam özümü və həmişə onların sıralarına qoşulmağa hazıram. Demokratiya uğrunda, sevgi uğrunda, bir-birini anlamaq uğrunda, torpaqlarımızı qaytarmaq uğrunda mən də hər an canımı verməyə hazıram. Möhkəm olsunlar, güclü olsunlar! Çoxlu oxusunlar. Heç nəyə əyilməsinlər. Əyilənlərdən, yaltaqlardan yox, həyatını mübarizəyə həsr eləmiş, Azərbaycanın gələcəyinə, inkişafına həsr eləmiş insanlardan nümunə götürsünlər. Həm də öz yollarını müəyyənləşdirsinlər. - Vaqif müəllim, bu gəncliyin Azərbaycan üçün hansı qapını açmasını istərdiniz? - Birincisi istərdim ki, işğal olunmuş torpaqlardakı hər bir qapını onlar açsınlar. Güney Azərbaycanda əzilən xalqımızın dil qapısını açsınlar, onların azadlıq qapısını açsınlar. Yeni nəsil çox güclü gəlir və onun qabağını heç kəs ala bilməyəcək. - Bütün cavablarınızda işğal olunan torpaqlardan danışdız. O torpaqlara ayaq bassaydız, ilk hissiniz nə olardı və bir balaca da olsa, rahatlıq tapardızmı? - Rahat olmaram. Biz torpaqlarımızı azad edəcəyik, mən buna əminəm. Cənubi Azərbaycan da azad olsa, mən rahat olmayacam. Mən qəti rahat ola bilmərəm. Harada əzilən bir insan varsa, mən onun yanında olmaq istəyirəm. O vaxt rahat olaram ki, bu dünyada hamı bir-birini tək sevməsin, hamı həm də bir-birini sevdirsin. - Sağ olun, Vaqif müəllim. Bayramınız mübarək! - Sağ olun sizinlə belə...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı